Press "Enter" to skip to content

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində Nizami Rayon Yanğından Mühafizə Hissəsində növbəti “açıq qapı günü” tədbiri keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ADA Məktəbinin şagirdləri və müəllimləri üçün təşkil olunmuş “açıq qapı günü”nün keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub”.

Ardınca xəbərdə, ““Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Bu çərçivədə, şərti yanğının “söndürülməsi” və “itmiş şəxsin” xüsusi təlim görmüş itin tətbiqi ilə tapılması əməliyyatları iştirakçıların marağına səbəb olub” deyə qeyd edilir.

Bundan əlavə, tədbir iştirakçıları fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə də yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.