BAYRAQDAR MEDİA – Son günlər geniş müzakirə edilən Ramiz Mehdiyev olayı eyni zamanda dövlət təhlükəsizliyi məsələlərinin daha da aktuallaşmasına səbəb olub. Təbiidir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında cəmi 44 günə 30 ilədək işğal altında qalmış Azərbaycan torpaqlarının azad edilməsini özəlliklə də xarici mərkəzlər bizə bağışlaya bilmir. Başa düşürük, bir çox belə mərkəzlərin planlarını, niyyətlərini Azərbaycan Prezidenti öz strateji uzaqgörənliyi və taktiki ustalığı ilə alt-üst edib. Yəni bu mərkəzlərin, onların arxasındakı dövlətlərin və qurumların əsəbləşməsində bir “məntiq” var…
Bununla paralel bizi narahat edən həm də daxildə belə “qısqanc” kəsimin qalmasıdır. Bəli, məhz bir qrup adam, sayları az olsa da, ürək bulandırmaqla, Azərbaycanın bütün dünyaya səs salan uğurlarına kölgə salmaqla məşğuldur. Bizim kimi insanlar illərdir bu kəsimə çağırışlar edir, onların tənqidi mövqeyinə təmkinlə yanaşmaqla bərabər Azərbaycanın gözlə görülə biləcək uğurlarına kölgə salmamaları üçün çalışırıq. Amma heyhat. Bu adamlar “kor tutduğunu buraxmaz” misalı öz əməllərindən əl çəkmirlər.
…Sözügedən qəbildən olanlar yalnız ölkə içində deyil, indiki texnologiyaların imkanlarından istifadə edərək beynəlxalq səviyyədə də Azərbaycanı – məhz dövlətimizi gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar…
…Biz bir millət olaraq Qarabağ Zəfərini 10 illər boyu həsrətlə, inamla gözləmişik. Səbirlə, təmkinlə, dövlətə, onun liderinə güvənərək etmişik bunu. Bəzən səbirsizləşəndə yenə də İlham Əliyevin qətiyyətini, dəyanətini göz önünə gətirərək özümüzü əmin etmişik ki, qələbə uzaqda deyil. Düz də etmişik. Nəticədə səbir bizi o böyük Zəfərə gətirib çıxarıb.
…Bundan sonrakı mərhələdə edəcəyimiz təbii ki, azad edilmiş torpaqların yenidən qurulması, bərpası, 10 illərdir gözü yolda qalan məcburi köçkünlərin öz yurdlarına könül açıqlığı ilə dönüşünü gerçəkləşdirməkdir. Dövlət baba başda şəxsən Prezident İlham Əliyev olmaqla məhz bunu da edir. İlham Əliyev azad edilmiş torpaqların abadlaşdırılması ilə paralel ölkənin digər həyati vacib məsələlərini də gözardı etmir, həlli üçün yorulmadan çalışır.
Uğurlarımız?
Azərbaycanın uğurları yalnız ölkə içində deyil, dünyada səs salıb artıq. Bütün dünya istər savaşdakı taktikamız, istərsə də ondan sonrakı mərhələdə nail olduğumuz diplomatik, iqtisadi, siyasi uğurlarımız haqqında danışır, yazır, təhlil edir. Özəlliklə də beynəlxalq ictimai rəyi yaxından izləyən birisi kimi deyirəm bunu. Həm də vurğulamaq istərdim ki, Azərbaycanın buralara gəlib çıxmasından bir vətəndaş olaraq qürur duyuram…
Son aylarda baş verənlər isə ümumiyyətlə bizim dövlətimizi dünyanın bir nömrəli gündəminə gətirib. ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ evdəki görüşləri, iki prezidentin qarşılıqlı münasibətlərinin görüntüləri əlavə şərhə yer qoymur. Nəzərə alaq ki, Donald Tramp hər prezidentə İlham Əliyevə göstərdiyi diqqət və sayğını göstərmir. Təfərrüatlara varmaq istəmirik, nə demək istədiyimizi yəqin ki, diqqətli oxucular anladı…
İndi belə bir uğur mərhələsində olan Azərbaycanı həm xaricdən, həm də daxildən zəiflətmək istəyənlərə biz – vətəndaşlar necə münasibət bəsləməliyik? Niyə bu kəsimlər hələ də dövlətimizi gözdən salmağa – zəif düşürməyə çalışırlar? Özəlliklə də özünə barışmaz müxalifət deyən kəsimlər, tənqidçi olduğunu, Azərbaycanda “insan haqları”, “demokratiya” uğrunda mübarizə apardığı görüntüsü yaradanlar? Başa düşürük, tənqid üçün həmişə səbəb olub, olacaq da. Amma, misal üçün, siz niyə bir dəfə də olsun azad edilmiş torpaqlara ayaq basmırsınız, basmaq istəmirsiniz? Nədir, olmaya kiminsə qarşısında öhdəlik götürmüşünüz? Yaxud da bəlkə hakimiyyətə gəlib o torpaqları ermənilərə peşkəş çəkəcəyinizə söz vermiş olmayasınız? Ki, indi də oralara ayaq bassanız qarşısında öhdəlik götürdükləriniz sizi şantaj edər?
…Bizim alın yazımız mücadilədir. Ağlımız kəsəndən mücadilədəyik. Milli davanın nəfəri olaraq istər ölkə içində, istərsə də xaricdə 10 illərdir davamızı yürüdürük. Hətta tənqidçi mövqedə olanda belə dövlətimizi düşünür, onun üçün çalışır, fərdlərə görə deyil, dövlətə görə davranırıq. Ölkə içində hansısa problemlər olanda belə onları hansısa İvanın köməyi deyil, elə məhz öz dövlətimizin vasitəsi ilə həll etməyə çalışırıq…
…Amma o məlum kəsimə aid adamlar məhz Azərbaycan dövlətinə qənim kəsildikləri üçün heç dəxli olmayan xırda məsələləri belə anti-Azərbaycan kampaniyalarına alət edirlər! Bir insan öz dövlətinə bunu edərmi? Etməz! O zaman edənlər bizdən – bizim dövlətimizdən deyil! Hətta bu ölkənin içində yaşasalar, Azərbaycan vətəndaşı olsalar belə!
Şəhid qanıyla suvarılaraq azad edilmiş torpaqlarımız bizim namusumuz, şərəfimizdir! Bu dəyərlərimizə əl və dil uzadanın əli də, dili də kəsilməlidir, kəsiləcək! Həm də kökündən! Həm də birdəfəlik!
Yazımızın əvvəlində Ramiz Mehdiyevdən söz etmişdik. Sonra yazdıqlarımız da elə o qəbildəndir. Bu Ramiz Mehdiyev şəxsinə göstərilən ən yüksək etimadı ayaqlar altına atıb, bu əməllərinə həm də özünə müxalif deyilənləri ortaq edib! Ən maraqlısı da odur ki, həmin o “müxaliflər” dövlətin zirvəsində vəzifə tutan ali dərəcəli məmurla eyni “yolun” yolçularıdır!!!
Ən dəhşətlisi isə budur ki, o Ramiz Mehdiyev və çetesi Moskva bağlantılı fəaliyyətlərlə Azərbaycan dövlətinə “torba tikməyə” çalışıb…
Dövlətimiz bu dəfə də ayıq-sayıq davranıb, önləyici addımları vaxtında atıb. Biz də hər zamankı kimi dövlətimizin arxasındayıq! Qanlar və canlar bahasına bu mərhələyə gəlib çıxmış Azərbaycanımızı heç kimə təslim etməyəcəyik!





