Press "Enter" to skip to content

“Azərbaycan silahşünaslığının aktual problemləri” konfransı

“Azərbaycan silahşünaslığının aktual problemləri” konfransı

BAYRAQDAR MEDİA – Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) “Azərbaycan silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş tədbir Mədəniyyət Nazirliyi və AMXM-in birgə təşkilatçılığı ilə baş tutub. Konfrans Azərbaycanın qədim dövrlərdən bugünədək formalaşmış silahşünaslıq tarixinin elmi əsaslarla öyrənilməsini genişləndirmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda qorunan Azərbaycana aid silah nümunələri haqqında məlumat mübadiləsini təmin etmək, bu sahədə yeni tədqiqat istiqamətlərini müəyyənləşdirmək məqsədilə keçirilib. Tədbiri muzeyin direktoru Əminə Məlikova açaraq konfransın Azərbaycan elmi üçün əlamətdar hadisə olduğunu, ölkədə Azərbaycan silahlarına həsr edilmiş elmi-praktik konfransın ilk dəfə keçirildiyini bildirib”.

Sonra xəbərdə, “konfrans çərçivəsində “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”, “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”, “Tarixi silahların incəsənətdə yeri və rolu”, “Tarixi silahlar Azərbaycan bədii sənətkarlığının tərkib hissəsi kimi: ənənənin bərpası” mövzularında akademik sessiyalar təşkil olunub. Tədbirdə ölkənin müxtəlif elmi-tədqiqat institutlarının, muzeylərin və ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin müstəqil tədqiqatçılar iştirak ediblər” deyə bildirilir.

Eləcə də xəbərdə diqqətə çatdılır ki, “mütəxəssislər arasında aparılan fikir və təcrübə mübadiləsi nəticəsində gələcəkdə ortaq elmi layihələrin reallaşdırılması və Azərbaycanın silahşünaslıq irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Konfrans iştirakçıları bu tədbirin milli-mədəni irsin mühüm tərkib hissəsi olan silahşünaslıq sahəsində aparılan tədqiqatların daha sistemli və davamlı şəkildə inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər”.

Mission News Theme by Compete Themes.