Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi qardaş Türkiyədə 29 Ekim Cümhuriyyət Bayramıdır. Bu bayram qardaş ölkədə bayramlar içərisində ilk sırada dayanır. Çünki 102 il öncə məhz bu tarixdə, oktyabrın 29-da Mustafa Kemal Atatürk və silahdaşları imkansızı imkana çevirərək tarix yazdılar. Elə bir tarix ki, bu, təkcə Türkiyə türklərinin deyil, dünyadakı bütün türklərin ayaqda, sağlam qalmasına və gələcəyə inamla baxmasına vəsilə oldu.
Qeyd edək ki, hər il bu münasibətlə Türkiyədə və ölkə xaricində çeşidli tədbirlər keçirilir. Bu il də xoş ənənəyə sadiq qalındı. Eyni zamanda, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, QHT və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Türkiyə Cümhuiryyətinin qurucusu Mustafa Kemal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həmçinin Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Recep Tayyip Erdoğanın təbrik məktubu oxunub
Sonra Türkiyənin Azərbaycandakı səfiri Prof.Dr. Birol Akgün qardaş ölkənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın milli bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Məktubunda bayram münasibəti ilə Türkiyə vətəndaşlarını, o cümlədən Türkiyəyə dost və qardaş ölkələrin vətəndaşlarına təbrik və xoş arzularını çatdıran Recep Tayyip Erdoğan ““Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk başda olmaqla, milli mübarizəni yönəldərək Cümhuriyyət yolunu açan Qazi Məclisimizin bütün üzvlərini bu gün bir daha minnətdarlıqla yad edirəm. Ahlat və Malazgirdəki ilk hücumlardan Çanaqqala dastanına, Azadlıq Müharibəsindən 15 İyul müqavimətinə qədər əsrlər boyu qanları və canları ilə bu torpaqları bizə vətən edən qəhrəmanları rəhmətlə anıram” deyə bildirib.
Məktubda həmçinin “Bütün dünyanın bildiyi bu həqiqəti bu gün bir daha bəyan etmək istəyirəm: biz həm güclü millət, həm də dərin köklərə malik dövlətik” sözləri öz əskini tapıb.

Çıxışlar zamanı
Mərasimdə çıxış da edən səfir bildirib ki, dünyanın bütün xalqları ilə barış və harmoniya içində yaşamaq Türkiyənin əsas məqsədlərdən biridir.
Prof.Dr. Birol Akgün: Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik
Diplomat çıxışında iki qardaş ölkə arasında əməkdaşlıqdan da bəhs edib: “Biz hamımız Azərbaycan və Türkiyə arasında qəlblərə kök salmış istisna bir qardaşlığın şahidiyik. Tariximizin dərinliklərindən gələn dəyərlərdən, ilham və cəsarətdən güc alaraq, “Bir millət, iki dövlət” anlayışı ilə Türkiyə hər zaman Azərbaycanı beynəlxalq platformalarda ən güclü şəkildə dəstəkləməyə davam edəcək”.

Çıxışda qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan tək yumruq kimi birləşərək işğal altındakı torpaqlarımı azad etdi, öz milli sərhədləri daxilində tam suverenliyinə qovuşdu: “Azərbaycan döyüş meydanında qazandığı nailiyyətləri diplomatik masaya da daşıyıb. Bölgədə davamlı sülhün təmin olunması, bərpa və inkişafın başlanması, eləcə də qlobal sabitliyin və rifahın artması üçün tarixi bir fürsət yaranıb. Bu bölgədə qurulacaq sülh və sabitlikdən yalnız region ölkələri deyil, bütün dünya fayda görəcək. Ona görə də qalıcı sülhün təmin olunması hamımızın ən vacib məqsədidir”.
Sahibə Qafarova: Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib
Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, müasir dövrün görkəmli siyasi və dövlət xadimi Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib: “Qardaş Türkiyə yeni beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malik olmaqla, müstəqil və çoxvektorlu xarici siyasəti vasitəsilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir”.

Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir
S.Qafarova vurğulayıb ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib: “Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir”.

“44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq” deyən Milli Məclisin sədri əlavə edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır.
Rəsmi qəbul konsert proqramı ilə davam edib.





