Recep Tayyib Erdoğan: Biz həm güclü millət, həm də dərin köklərə malik dövlətik
BAYRAQDAR MEDİA – “Zəfərlərlə dolu tariximizin zirvələrindən biri olan bu əlamətdar gündə; sərhədlərimiz daxilindəki 86 milyon vətəndaşımızın, Kıbrıs Türk xalqının və xaricdəki qardaşlarımızın hər birinin 29 Ekim Cümhuriyyət Gününü səmimi-qəlbdən təbrik edirəm. Eyni zamanda, mədəniyyət bağımızı birlikdə əkib-becərdiyimiz; ortaq bir keçmiş və mədəni irsi nəsildən-nəsilə ötürdüyümüz, sevinclərimizə ortaq olan bütün dostlarımıza da öz adımla və millətim adından təşəkkürlərimi çatdırıram. Bu gün Cümhuriyyətimizin 102-ci ildönümünü millət olaraq qürurla qeyd edirik. İstiqlal və gələcək ideyamızın, millətin şərtsiz-şəksiz hakimiyyətində təcəssüm etdiyi bu önəmli günün ölkəmiz, millətimiz və bütün insanlıq üçün xeyirli olmasını arzulayıram”.
Bu sözlər Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın 29 Ekim-Cümhuriyyət Bayramı münasibətilə təbrik məktubunda öz əksini tapıb.
Məktubda həmçinin “Cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk başda olmaqla, milli mübarizəni yönəldərək Cümhuriyyət yolunu açan Qazi Məclisimizin bütün üzvlərini bu gün bir daha minnətdarlıqla yad edirəm. Ahlat və Malazgirdəki ilk hücumlardan Çanaqqala dastanına, Azadlıq Müharibəsindən 15 İyul müqavimətinə qədər əsrlər boyu qanları və canları ilə bu torpaqları bizə vətən edən qəhrəmanları rəhmətlə anıram. Bütün dünyanın bildiyi bu həqiqəti bu gün bir daha bəyan etmək istəyirəm: biz həm güclü millət, həm də dərin köklərə malik dövlətik. Cümhurbaşqanlığı emblemimizdəki günəş və onun ətrafındakı 16 ulduz minillik dövlət ənənəmizi təmsil edir. “Ebedi-müddət” ideyası ilə qurduğumuz bu dövlətlərin hər biri milli kimliyimizin şərəf nişanı, dünyaya istiqamət verən əziz millətimizin qüdrət və mərhəmət rəmzidir” deyə qeyd edilib.
Məktubda o da vurğulanıb ki, “Türkiyə Cümhuriyyəti tarixinin ən ağrılı günlərində, saysız çətinliklərə, yoxluğa və sıxıntılara baxmayaraq azadlığına və istiqlalına əzmlə sarılan fədakar xalqımızın son sığınacağı, dövlətlər zəncirimizin son halqasıdır. Bu yüksək şüurla şəhid və qazilərimizin əmanətinə sahib çıxmaq, cəsur və fədakar əllərdə yüksələn Türkiyə Cümhuriyyətini əbədi payidar etmək üçün bütün gücümüzlə çalışırıq. Əsrə möhürümüzü vuracağımız Türkiyə Əsri hədəflərimiz doğrultusunda, müdafiə sənayesindən iqtisadiyyata, təhsildən kənd təsərrüfatına, turizmə, energetikaya və xarici siyasətə qədər hər sahədə köklü, normları sarsıdan atılımlar içindəyik”.





