Press "Enter" to skip to content

Əsas prinsip dünya xalqları ilə sülh içində yaşamaqdır

Prof.Dr. Birol Akgün

Prof. Dr. Birol Akgün: Mustafa Kemal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu prinsipi ən gözəl şəkildə ifadə edir

BAYRAQDAR MEDİA – “Müasir Türkiyə Cümhuriyyəti, I Dünya müharibəsindən sonra Anadolunu işğal etməyə çalışan imperialist güclərə qarşı, Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türk xalqının apardığı milli mübarizənin nəticəsində 1923-cü ildə qurulub. Bu gün Cümhuriyyətimizin 102-ci ildönümünü qeyd edirik”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyə Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Gülüstan Sarayında keçirilən tədbirdə çıxışı zamanı deyib.

Səfir deyib ki, Türkiyənin xarici siyasətdə əsas prinsipi, yaranışından bəri, ilk növbədə qonşuları olmaqla, bütün dünya xalqları ilə sülh içində yaşamaqdır. Mustafa Kemal Atatürkün “Yurdda sülh, cahanda sülh” kəlamı bu prinsipi ən gözəl şəkildə ifadə edir: “Tarixi, coğrafiyası, mədəniyyəti və siyasi baxışı ilə bu günkü Türkiyə Cümhuiryyəti, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın liderliyində qlobal miqyasda özünəməxsus, prinsipial və təsirli bir aktora çevrilmişdir. Türkiyə siyasi və iqtisadi baxımdan Avropa və ABŞ mərkəzli Batı dünyasının güclü tərəfdaşıdır. NATO ittifaqı çərçivəsində təhlükəsizlik, Avropa Şurası üzvlüyü kontekstində demokratiya və insan haqları standartları, eləcə də Avropa İttifaqı ilə əldə edilmiş gömrük birliyi sayəsində ölkəmiz Transatlantik dünyanın mühüm bir hissəsidir”.

Diplomatın sözlərinə görə, lakin Türkiyə, II Dünya müharibəsindən sonra qurulan Batı mərkəzli dünya sisteminin dərin şəkildə dəyişməkdə olduğunun və çoxqütblü bir qlobal sistemə doğru inkişaf etdiyinin fərqindədir: “Buna görə də Türkiyə, bütün beynəlxalq platformalarda daha ədalətli bir dünyanın qurulması üçün aktiv və öncül rol oynayır. Digər tərəfdən, Türkiyə, sivilizasiya ənənəsi baxımından da İslam dünyasının mühüm bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əhəmiyyətli rollar icra edir. Son illərdə ölkəmiz, Türk Dövlətləri Təşkilatı vasitəsilə Türk dünyası ilə münasibətlərini çoxşaxəli şəkildə inkişaf etdirir. Türk dünyası mədəni baxımdan bizim ortaq ailəmizdir. Qardaş ölkələr arasında əməkdaşlığın dərinləşməsi xalqlarımızın əsas arzusu və gözləntisidir. Lakin bu birlik üçüncü ölkələrə qarşı yönəlmiş bir qurum deyil. Onun məqsədi qardaş xalqların əməkdaşlıq və həmrəylik yolu ilə inkişaf etməsi, tərəqqi və rifahının artırılmasıdır. “Orta Dəhliz” adlandırdığımız bu marşrutun gücləndirilməsi əslində bütün dünyanın ümumi maraqlarına xidmət edir”.

Mission News Theme by Compete Themes.