BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli kimlik və tarix” sərgisi təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbir 44 günlük Vətən müharibəsinin beşinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunub. Sərgi zamanı qonaqlar və muzeyin ziyarətçiləri Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, şəkilləri və həyat hekayələri ilə tanış olublar. Təqdim olunan hər bir eksponat Vətən müharibəsinin və qazanılan böyük Zəfərin izlərini əks etdirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi daim qəlblərdə yaşayacaq. Qəhrəman döyüşçülərin keçdikləri döyüş yolu, qəhrəmanlıqları gələcək nəsillərə bir nümunədir”.
Sonra SXA-nın Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının işarət dilində olmaqla surdo müşayiəti ilə Dövlət Himni səsləndirilib.
Ardınca “Parla” İnklüziv-Mədəni Kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.





