BAYRAQDAR MEDİA – Oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində (AMXM) 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgi açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, tədbirdə Muzeyin direktoru, Əminə Məlikova, layihənin kuratorları – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Dos. Sevil Kərimova və Dos. Səbuhi Əhmədov çıxış ediblər. Onlar sərginin məqsədi, Azərbaycan silah sənətinin tarixi, bədii dəyərlərinin qorunması, inkişafı və təbliği istiqamətində atılan addımlar barədə məlumat veriblər. Sərgidə 26 rəssam və heykəltəraşın müəllifi olduğu 30-a yaxın sənət əsəri nümayiş olunur. Mövzuya kompleks yanaşma prinsipi ilə hazırlanmış bu ilk genişmiqyaslı layihə çərçivəsində təqdim edilən əsərlərdə akademik və postmodernist yanaşmaların sintezi, həmçinin klassik miniatür irsinin təsiri duyulur”.
Ardınca xəbərdə, “ekspozisiyada kolleksionerlər Yusif Bağırzadə və İlqar Həsənəlizadənin şəxsi kolleksiyalarından XVI–XIX əsrlərə aid nadir silah nümunələri də təqdim olunur. Bu eksponatlar arasında şahzadə Abbas Mirzə Qacar, Nəsrəddin şah Qacar, Səfəvi dövlətinin vilayətlərinin hakimlərindən birinə və Şəki xanına məxsus silahlar yer alır. Eyni zamanda, Sultan Uzun Həsən və Şah İsmayıl Xətaiyə aid silahların, zülfüqar qılıncı və şaşkanın ənənəvi üsullarla hazırlanmış replikaları sərgilənir” deyə bildirilir.
Sərgi çərçivəsində, həmçinin “Polad naxışlar. Azərbaycan Milli Xalça Muzeyinin silah kolleksiyası” adlı yeni kataloqun təqdimatı da keçirilib. Muzeyin silah kolleksiyasının ilk dəfə sistemləşdirilmiş şəkildə təqdim olunduğu kataloqun müəllifi S.Əhmədovdur.
Mədəniyyət Nazirliyi və AMXM-in təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan silahşünaslıq irsinin, milli sənətkarlıq ənənələrinin və dövlətçilik tarixinin bədii kontekstdə təqdimatı, eləcə də milli-mədəni kimliyin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi noyabrın 16-dək davam edəcək.





