Press "Enter" to skip to content

Avrasiyanın yeni və gənc liderləri-VİDEO

Tədbir zamanı

Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycanın paytaxtı Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) keçirilib. Forum Türkiyənin Cümhurbaşqanlığına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA-nın və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçirilib. Tədbirə 50 ölkədən 3 mindən çox gənc sahibkar, ümumilikdə isə 5 mindən artıq iştirakçı qatılıb.

Tədbirə 50 ölkədən 3 mindən çox gənc sahibkar, ümumilikdə isə 5 mindən artıq iştirakçı qatılıb
Tədbirə 50 ölkədən 3 mindən çox gənc sahibkar, ümumilikdə isə 5 mindən artıq iştirakçı qatılıb

“MÜSİAD Azərbaycan”dan verilən məlumata görə, forum başlamazdan əvvəl Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Ardınca “Gənc MÜSİAD”ın fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Fərid Qayıbov: Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır

Forumun açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda gənclər siyasətinin təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

Fərid Qayıbov
Fərid Qayıbov

Nazir bəyan edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

F.Qayıbov qeyd edib ki, Azərbaycanda innovasiya və sahibkarlığın inkişafı ilə bağlı müxtəlif forumlar keçirilir: “KOBİA tərəfindən bu günə qədər gənclər üçün 4 forum keçirilib. Azərbaycanda müxtəlif beynəlxalq forumlar təşkil olunur. Bu cür forumlar gənc sahibkarların dünyaya tanıdılmasında mühüm rol oynayır”.

Orxan Məmmədov: Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir

Tədbirdə çııxş edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb ki, Azərbaycan bu gün gənclərin təşəbbüskarlığına inanır və buna dəstək verir: “KOBİA gənc sahibkarlarla bir sıra sahələrdə çalışır və onlara dəstək göstərir. Gənclərin dəyişiklik yaratmaq potensialına inanırıq. Çünki hər bir təşəbbüs ölkəmizin sabahına qoyulan bir investisiyadır. Gənclər ideyalarına inanırsa, artıq qalib hesab olunurlar”.

Orxan Məmmədov
Orxan Məmmədov

“Bu forumun ən başlıca məqsədi əlaqələr qurmaq deyil, bir ruh, gələcəyə doğru istiqamət yaratmaqdır. Bu dürüstlük əməksevərlik və halal qazanc ruhudur. İstiqamət isə Avrasiyada dayanıqlı, ədalətli və yaradıcı sahibkarlığın inkişaf yoludur” deyə O.Məmmədov bildirib.

Enes Eminoğlu: Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir

Forumda çıxış edən Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu qardaş ölkədə 600-ə yaxın gənclik mərkəzinin fəaliyyət göstərdiyini deyib: “Türkiyənin 90 minə yaxın gənc əhalisi var. Bu forumda 50-yə yaxın ölkədən gənclər iştirak edirlər. Forumun Bakıda keçirilməsi çox əhəmiyyətlidir. Gənclərin innovativ fəaliyyətlərini yaxından izləyirik”.

Enes Eminoğlu
Enes Eminoğlu

Nazir müavini xatırladıb ki, Azərbaycan ilə Türkiyə son 10 il ərzində bir çox platformada mühüm əməkdaşlıq edir: “İki qardaş ölkə arasındakı münasibətlər son illərdə ən yüksək zirvəyə yüksəlib. Azərbaycanın Türkiyə ilə yaxın dostluq münasibətləri, hər iki ölkənin dövlət başçılarının ortaya qoyduğu iradə fəaliyyətimizi daha da dərinləşdirir”.

E.Eminoğlu vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər liderlərin vizyonu sayəsində strateji səviyyəyə yüksəlib: “Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ortaya qoyduğu vizyon, gənclik sahəsindəki uğurlarımızı gücləndirir. “İki millət, bir dövlət” prinsipi ilə həyata keçirilən layihələr diplomatiya, əlaqələr və gənclik siyasətində strateji çərçivə yaradır.”

Rəşad Cabirli: Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli isə çıxışında gənclərin birliyinin önəmini vurğulayıb. Onun sözlərinə görə, dünya dəyişsə də, sahibkarlığın mahiyyəti sabit qalır.

Rəşad Cabirli
Rəşad Cabirli

Rəşad Cabirli bu forumun gənc ideyaların zirvəsi olduğunu deyib. Qeyd edib ki, Türk dünyasının və Avrasiyanın gələcəyi əmin əllərdədir: “Dünya dəyişsə də, sahibkarlığın mahiyyəti eyni qalır. Gənc odur ki, yenilik gətirir, dəyər yaradır. Azərbaycan və Türkiyə bu coğrafiyanın iki qardaş dayağıdır. Bu gün hər bir sahibkar iş adamı deyil, dəyər adamıdır. Birlikdə fikirdən dəyərə, dəyərdən gələcəyə doğru addımlamalıyıq”.

Mağsun Usta: Yeni dövrün qurucu iştirakçıları olmaq istəyirik

Gənc MÜSİAD sədri Mağsum Usta tədbirin məqsədinin Avrasiya gəncliyinin ortaq vizyonunu yenidən müəyyənləşdirmək olduğunu bildirib: “Dünyanın iqtisadi balansı yenidən formalaşarkən, Avrasiya coğrafiyasının gəncləri olaraq artıq sadəcə müşahidəçi deyil, yeni dövrün qurucu iştirakçıları olmaq istəyirik.”

Mağsun Usta
Mağsun Usta

O, dünya iqtisadiyyatının istiqamətinin artıq tək mərkəzli olmadığını, kapital, istehsal və ticarət axınlarının getdikcə şərqə, Güney-Doğuya və Avrasiya xəttinə doğru yönəldiyini qeyd edib:“Bu gün Avrasiya sadəcə xəritədə bir əlaqə xətti deyil, dünyanın yeni istehsal və dəyər zənciridir. Coğrafiyalar artıq təkcə təbii sərvətləri ilə deyil, insan potensialı, xüsusilə də gənc sahibkarları ilə yüksəlir. Bu forum da məhz bu potensialın parlaq bir təzahürüdür. Burada bir araya gələn hər fikir, qurulan hər əməkdaşlıq və aparılan hər dialoq regionun gələcəyinə iz qoyacaq.”

Xatirə fotosu
Xatirə fotosu

M.Usta, Gənc MÜSİAD-ın ölkə daxilində 55, xaricdə isə 40 filialla fəaliyyət göstərdiyini, bununla da sadəcə bir gənclər təşkilatı olmaqdan çıxaraq fikir, istehsal və inkişaf şəbəkəsinə çevrildiyini vurğulayıb.

O, çıxışını belə tamamlayıb: “Avrasiyanın mərkəzində yerləşən bizlər coğrafi bir üstünlükdən daha artığına sahibik. Bizi birləşdirən təkcə coğrafiya deyil, bu ortaq inam və ortaq gələcək duyğusudur. Bu duyğu yalnız ticarətin deyil, eyni zamanda sülhün, həmrəyliyin və qarşılıqlı etimadın da təməlidir. Biz bilirik ki, əsl güc birlikdə istehsal etməkdə və birlikdə irəliləmək əzmindədir.”

Forum öz işini panel iclaslarla davam etdirib.

Mission News Theme by Compete Themes.