“Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasının I Məzun günü keçirilib
BAYRAQDAR MEDİA – Bakıda oktyabrın 31-də “ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya proqramının I Məzun günü keçirilib. Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Bu barədə “ASAN xidmət”dən məlumat veirlib.
Məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Azərbaycanın elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təbrik nitqi ilə çıxış ediblər.
Məlumatda deyilir ki, öncə “Bilim Azərbaycan” layihəsinin rəhbəri Ahmet Köse “Deneyap” texnologiya proqramına dair hesabatla çıxış edib və videoçarx nümayiş olunub.
Təqdimat zamanı bildirilib ki, 2022–2025-ci illər üzrə proqramın məzunları müxtəlif yarış və müsabiqələrdə uğurla çıxış edib, bir çox layihələrlə qalib və mükafatçı olublar.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, müasir texnologiyalar və innovasiyalar həyatımızın artıq bir tərkib hissəsinə çevrilib: “İstər iqtisadiyyatda, istər sosial həyatda, istər şəxsi həyatda, istərsə də dövlət idarəetməsində müasir texnologiyaların tətbiqi zərurət olub. Çünki süni intellekt hər şeydən öncə bir vasitədir. Məqsəd isə süni intellekt kimi texnologiyalardan istifadə etməklə qarşıya qoyulan hədəflərə, vəzifələrə, vətəndaşların rifahına, inkişafa nail olmaqdır”.
Ü.Mehdiyev, həmçinin, “Qürurla bildirməliyik ki, Azərbaycan da bu istiqamətdə heç də gecikməyib, tam vaxtında əməli tədbirlər, islahatlar aparılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı buna misal göstərmək olar. Çünki orada konkret hədəflər və tədbirlər var. Orada sosial rifahın artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində süni intellektin əhəmiyyətini, rolunu artıran ciddi tədbirlər nəzərdə tutulub. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlət olaraq yeni çağırışlara hazırdır və bu fonda islahatlarını davam etdirir”, – deyib.
Mərasimdə çıxış edən səfir Birol Akgün vurğulayıb ki, türk dünyası bu gün yeni bir intibah dövrünə qədəm qoyur. Səfirin sözlərinə görə, bu məqsədlə gənclərdə texnologiyaya, yeniliyə və yaradıcı düşüncəyə maraq oyadan “Bilim Bakı” mərkəzinin “Deneyap” atelyeləri mühüm rol oynayır.
Birol Akgün, həmçinin “T3” Fondunun rəhbəri Selçuk Bayraktarın Türkiyədə “Teknofest nəsli” adlandırılan yenilikçi, texnologiyaya açıq, müasir dünyada rəqabətə qadir yeni insan potensialının yetişdirilməsində önəmli rol oynadığını qeyd edib.
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, son 20 ildə dövlət proqramları çərçivəsində 3600-ə yaxın təhsil müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə bərpa olunub: “Məktəblər rəqəmsal tədris resursları, kompüterlər və sürətli internetlə təmin edilir. Bu gün artıq 1,5 milyon şagirddən 500 mini Scratch və Python kimi proqramlaşdırma dillərini öyrənir”.
Nazir müavini vurğulayıb ki, bu cür layihələr gənclərin gələcək əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradır.
Sonda proqramı uğurla başa vuran şagirdlərə məzun diplomları təqdim olunub.





