Son yeniləmə: 2 Noyabr 2025
BAYRAQDAR MEDİA – Xaçmazdakı Heydər Əliyev Mərkəzində 8 Noyabr – Böyük Zəfərin 5 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də 31 oktyabr 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Xarı Bülbülün Zəfər Nəğməsi” adı altında keçirilib. Tədbir Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşəbbüsü, Xaçmaz rayon Heydər Əliyev Mərkəzi və Füzuli Yarməmmədov adına Gülalan kənd tam orta məktəbinin birgə təşkilatçılığı təşkil edilib.
Bu haqda xəbəri Heydər Əliyev Mərkəzi yayıb.
Bildirilir ki, “tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin kollektivləri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz Rayon Komitəsinin sədri, Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin rəisi, Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təmsilçisi, şəhid ailələrinin üzvləri, qazilər, Xaçmaz rayonundakı “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, Gülalan kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, idmançı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər”.
Tədbir Azərbaycanın Dövlət Himni, ardından da ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova giriş sözündə 44 günlük Vətən müharibəsində əldə olunmuş Böyük Zəfərdən sonrakı beş illik yoldan danışıb və qeyd edib ki, “bu Qələbə Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”.

Çıxışçılar – Gülalan kənd tam orta məktəbinin direktoru Abdulla Məmmədov, Vətən müharibəsi iştirakçısı, qazi Elvin Qurbanov, idman məşqçisi Ramin Nəcəfov, sözügedən məktəbin müəllimi Arzu Nəsibova, Əməkdar jurnalist Azər Həsrət böyük tarixi Qələbə haqqında fikirlərini bölüşüblər: “Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən başladılan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət siyasəti nəticəsində 30 illik həsrətə son qoyulub, qəhrəman Vətən oğullarının canı və qanı bahasına torpaqlarımız işğaldan azad edilib”.
Eyni zamanda şəhid Kərəm Veyisovun anası Nərgiz Veyisova və şəhid Rəhim İmamovun anası Yasəmən İmamova çıxışlarında övladlarının qəhrəmanlıqlarından söz açaraq bildiriblər ki, Böyük Zəfərin qazanılmasında məhz onların övladlarının da payı vardır. Bu Qələbə onların yetişdirdikləri oğullarının canı və qanı bahasına əldə olunub. Analar həmçinin qeyd ediblər ki, bu gün onları ayaqda saxlayan xalqın birliyi, şəhidlərin xatirəsinin əziz tutulması, ailələrinə göstərilən diqqət və qayğıdır.
Tədbir məktəblilərin ifasında bayram proqramı ilə davam edib, şəhidləriə həsr olunmuş videoçarx nümayiş olunub.





