Media nümayəndələri üçün növbəti təlim və müsabiqə keçirilib
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi dövlətin müvafiq qurumları vaxtaşırı olaraq media nümayəndələri üçün təlim, seminar və digər bu kimi məlumatlandırma tədbirləri keçirir. Bu sırada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xüsusilə fərqləndiyini isə çəkinmədən qeyd edə bilərik. Çünki Dövlət Vergi Xidməti ölkənin vergi qanunvericiliyi barədə media təmsilçilərinin daha da məlumatlı olması, o cümlədən vergi sistemində baş verən, yaxud verməsi gözlənilən yeniliklərlə bağlı bilgilərin çatdırılması üçün mütəmadı olaraq addımlar atır. Qurum xoş ənənəsinə bu dəfə də sadiq qaldı.
DVX-nin 25 illik fəaliyyətinə nəzər salındı
Belə ki, DVX və “Vergilər” qəzeti redaksiyasının birgə təşkilatçılığı ilə Tədris Mərkəzində media nümayəndələri üçün “Azərbaycanın vergi sistemi – retrospektiv baxış (2000–2025-ci illər) və gələcək inkişaf strategiyası (2025–2028-ci illər)” mövzusunda iki günlük təlim və müsabiqə keçirildi.
DVX-nin 25 illiyi münasibətilə keçirilən bu dəfə təlimdə Azərbaycanın aparıcı informasiya saytlarını təmsil edən media nümayəndələrin iştirak edirdi.
Şahin Məmmədov: Məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdir
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsinin Media şöbəsinin rəisi Şahin Məmmədov dedi ki, tədbirin məqsədi son 25 il ərzində vergi sistemində aparılmış islahatlar, əldə olunmuş nəticələr və qarşıdakı illər üçün nəzərdə tutulan prioritet istiqamətlər barədə ətraflı məlumat verməkdir.

Şöbə rəisi əlavə etdi ki, təlim çərçivəsində Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev və Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov tərəfindən təqdimatlar keçiriləcək.
İmran Qarayev: Vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində davamlı işlər görülür
Daha sonra təlimin təqdimatlar hissə başlandı. DVX-nin Tədris Mərkəzinin şöbə rəisi İmran Qarayev geniş təqdimatla çıxış etdi.

2000–2025-ci illərdə vergi sisteminin institusional inkişaf mərhələləri, elektron xidmətlərin formalaşması və s. istiqamətində görüləb işlər barədə geniş məlumat verdi. Şöbə rəisi dedi ki, “vergi inzibatçılığında şəffaflıq və səmərəliliyin artırılması istiqamətində davamlı işlər görülür”.
Niyaz Şükürov: Əsas məqsədlərdən biri də getdikcə canlı təmasları minimuma endirmək və vergi ödəyiciləri ilə bütün əlaqələri rəqəmsal mühitə keçirməkdir
Vergi siyasəti baş idarəsinin şöbə rəisi Niyaz Şükürov isə “Dövlət Vergi Xidmətinin 2025–2028-ci illər üzrə Strategiyası”nın əsas hədəflərini təlim iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd edildi ki, yeni strategiyada əsas məqsədlərdən biri də getdikcə canlı təmasları minimuma endirmək və vergi ödəyiciləri ilə bütün əlaqələri rəqəmsal mühitə keçirməkdir
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı
Onu da vurğulayaq ki, təlim iştirakçıları vergi orqanları ilə media arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, ictimaiyyətin düzgün məlumatlandırılması və vergi mədəniyyətinin təşviqi mövzularında da fikir mübadiləsi apardılar.

Sonda media nümayəndələri arasında təqdimatlarda bəıhs edilən mövzularla bağlı müsabiqə təşkil olundu.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.



