BAYRAQDAR MEDİA – Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə Biləsuvarda “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbir sözgedən Nazirlik və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Biləsuvar Dövlət Rəsm Qalereyasında reallaşıb. Sərgidə rəsmilər, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər”.
Ardınca xəbərdə, “çıxışlarda Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyəti, şəhidlərin unudulmaz xatirəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı vurğulanıb. Natiqlər, həmçinin Qarabağda aparılan quruculuq işlərinin mədəniyyətin ifadə vasitələri ilə təqdim edilməsinin vacibliyini qeyd ediblər. Nümayiş olunan əsərlər Zəfər ruhunu, milli birliyi və azad Qarabağın füsunkar təbiətini rəssam və fotoqrafların baxış bucağından əks etdirib” deyə bildirilir.
Sərginin məqsədi Qələbənin tarixi dəyərini incəsənət vasitəsilə təbliğ etmək və gənc nəsildə vətənpərvərlik duyğularını gücləndirməkdir.





