Beş il öncə bu günlərdə ulusumuz öz tarixinin şanlı səhifəsini yazırdı
BAYRAQDAR MEDİA – Beş il öncə bu günlərdə ulusumuz öz tarixinin şanlı səhifəsini yazırdı. 44 günün hər anı döyüş meydanı ilə yanaşı, həm də milli ruhun səhnəsində idi. Zəfər – torpağın qurtuluşu olmaqla birgə, ulusun özünə dönüşü idi.
Bu beş ildə biz nəyi anladıq? – Anladıq ki, müharibə bitə bilər, amma Zəfər yaşanmağa davam edir. Çünki Zəfər təkcə keçmişin yox, bu günün və gələcəyin ritmidir… O, yeni ahəng yaradır.
Müharibədən sonra yaranan yeni geosiyasi gerçəklikdə Azərbaycan artıq Qafqazla birgə, bütöv Türk coğrafiyasının mərkəzi oyunçusudur.
Sınırlar bərpa olundu, yollar açıldı, enerji damarları vurdu, ruh yenidən dirçəldi.
Dövlətin gücü – ordunun hünəri, diplomatiyanın çevikliyi, ulusun iradəsi ilə böyük bir hadisəyə çevrildi.
Zəfərdən sonra “Azərbaycan modeli” sadəcə dövlətin uğuru deyil – Türk dünyasının özünəinam formulu oldu.
Azərbaycanın Zəfəri Ankaradan Aşqabada, Astanadan Budapeştə, Bakıdan Bişkəkə, Daşkənddən Kazana qədər bir ruh halına çevrildi.
Türk dünyasında illərlə “birləşmək istəyən” duyğular bu Zəfərlə gerçək siyasi, iqtisadi və mədəni layihələrə çevrildi.
Yeni ortaqlıqlar və mövcud olmuş ortaqlıqların dərinləşməsi, yeni üfüq qazanması – hamısı bu ruhun davamıdır. Çünki bir ulusun qalibiyyəti digər ulusların ruhunu oyadır: Zəfərin səsi indi Tanrı Dağlarının yelində, Xəzərin dalğasında, Qobustan qayalarında eşidilir. – Bu, həm obrazdır həm də inancımız…
Zəfər bizə yalnız qürurmu gətirdi? – Xeyr! – O, özü ilə yanaşı məsuliyyət də gətirdi.
Azad torpaqlarda bərpa, quruculuq, yeni kəndlər, şəhərlər – bu, qalibiyyətin gündəlik əməli formasıdır.
Ən böyük bərpa isə insandadır: o, öz torpağında yenidən Vətən duyğusunu ucaldır. Hər məktəb, hər ev, hər bağ-bağat… – Zəfərin davamıdır.
Zəfər unudulmaq üçün deyil, əlbəttə; əlbəttə, Zəfər yaşadılmaq üçündür.
Beş il öncə qazanılan o böyük, tarixi uğur bu gün həm ideya, həm enerji, həm də missiyadır.
Bu missiyanın adı – Türk birliyi, bu enerjinin qaynağı – Azərbaycanın qalib ruhudur.
Çünki biz qalib gəlməyi yadırğamamağı öyrəndik, indi isə qalib kimi yaşamağı öyrənirik.
Zəfərimiz qutlu, bayrağımız uca olsun!
Dövlətimiz zaval görməsin!





