2025-ci ilin ilk doqquz ayı ərzində Türkiyəyə ən çox turist göndərən üç ölkə Rusiya, Almaniya və Birləşmiş Krallıq olub
BAYRAQDAR MEDİA – Türkiyə 2025-ci ilin ilk doqquz ayı ərzində 50 milyon ziyarətçi qəbul edib və turizmdən 50 milyard ABŞ dolları gəlir əldə edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd edilib.
Mədəmiyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib ki, 2025-ci ilin üçüncü rübü üzrə açıqlanan nəticələrə görə, ölkə 2024-cü ilin eyni dövrü ilə müqayisədə beynəlxalq turist sayını 1,6 faiz artırıb: “Turizm gəlirlərində isə 5,7 faizlik artım qeydə alınıb”.
Nazirliyin məlumatında bildirilib ki, “Birləşmiş Millətlər Təşkilatının Turizm üzrə Agentliyinin (UN Tourism) 2024-cü il məlumatlarına əsasən, dünyanın dördüncü ən böyük turizm bazarına malik olan Türkiyə, ilin ilk doqquz ayına dair göstəricilərini İstanbulda keçirilən mətbuat konfransında təqdim edib. Aralıq dənizi turizminin əsas mərkəzlərindən sayılan ölkə həm ziyarətçi sayında, həm də turizm gəlirlərində nəzərəçarpacaq artım nümayiş etdirib”.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy onu da deyb ki, rəsmi rəqəmlərə əsasən, xarici turistlər bu dövrdə Türkiyədə orta hesabla 10,3 gecə qalıb və adambaşına gecəlik orta xərcləri 103 ABŞ dolları təşkil edib: “Bu göstərici ötən illə müqayisədə 7 faizlik artım deməkdir. 2025-ci ilin ilk doqquz ayı region üçün ciddi çətinliklərlə yadda qalıb. Bu dövrdə həm regional münaqişələrin, həm də iqlim dəyişikliyi nəticəsində yaranan mövsümi dəyişikliklərin təsirləri müşahidə olunub”.
2025-ci ilin ilk doqquz ayı ərzində Türkiyəyə ən çox turist göndərən üç ölkə Rusiya Federasiyası (5,53 milyon nəfər), Almaniya (5,22 milyon nəfər) və Birləşmiş Krallıq (3,54 milyon nəfər) olub.





