Son yeniləmə: 4 Noyabr 2025
BAYRAQDAR MEDİA – Bakının Binəqədi rayonundakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər, Bayraq və Konstitusiya” adlı möhtəşəm tədbir keçirilib. Tədbirdə hörmətli qonaqlar iştirak və çıxış edib, şagirdlərə zəfər coşqusu yaşadılıb.
Tədbir qonaqların məktəbdə yaradılmış sərgi ilə tanışlığı ilə başlayıb. Daha sonra geniş salonda Azərbaycanın Dövlət Himni oxunub, şəhidlərin ruhuna sayğı duruşu olub.

Açılış çıxışında məktəbin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət böyük Zəfərin önəmini vurğulayıb, bu uğurun qazanılmasında ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin möhtəşəm rolunu qeyd edib. O, eyni zamanda Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevə etimadını vurğulayıb.
Məktəbdən verilən xəbərə görə, məşhur “Azadlıq marşı”nın sözlərinin müəllifi – şair, millət vəkili Elçin Mirzəbəyli fəxri qonaq qismində tədbirə qatılıb. O, çıxışında “Azadlıq marşı”nın yazılma tarixçəsindən də danışıb. Elçin Mirzəbəyli eyni zamanda Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandanla bərabər Azərbaycan Ordusunun rolunu da xüsusi qeyd edərək dövlət-xalq birliyinin əhəmiyyətindən danışıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, şair, Prof. Mahirə Hüseynova mövzu ətrafında maraqlı çıxış etməklə bərabər öz bədii yaradıcılığından da iştirakçılara ərməğan edib. Mahirə xanımın çıxışı da maraqla qarşılanıb, alqışlara layiq görülüb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova isə çıxışında dövlətin sözügedən istiqamətdə gördüyü işlərdən danışıb, o cümlədən də Binəqədidə bu məsələlərə gərəkli diqqət ayrıldığını deyib.
2-ci Qarabağ Savaşının şəhidi Soltan Məmmədovun xanımı Tünzalə Məmmədova çıxışını uşaqlara yönəlik tövsiyələr üzərində qurub. O, bir şəhid xanımı olmağın qürurunu yaşadığını, Vətən üçün candan keçməyin hər zaman şərəf gətirdiyini vurğulayıb.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Zahir Həsənov da çıxışında Zəfər, Bayraq və Konstitusiya ilə bağlı fikirlərini, dövlətin bu dəyərlərlə bağlı gördüyü işlər haqqında fikirlərini dilə gətirib.
BAYRAQDAR MEDİA-nın baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Azər Həsrət də çıxış edərək noyabrın bayramlar ayı olduğunu xatırladıb. O, bildirib ki, 9 Noyabr Azərbaycanın Dövlət Bayrağı Günü, 12 Noyabr Konstitusiya Günü, 17 Noyabr Milli Dirçəliş Gününə artıq 5 ildir ki, 8 Noyabr Zəfər Günü də əlavə edilib.
20 Yanvar şəhidi Vəfadar Eminovun bacısı, məktəbin biologiya müəllimi Gülnarə Musayevanın çıxışı isə iştirakçılara duyğulu anlar yaşadıb. O, 8 Noyabr Zəfərindən sonra artıq qara bağlamadığını, Azərbaycanın üçrəngli Bayrağını qürurla başı üzərinə qaldırdığını nümayiş etdirib.
Tədbirdə həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Könül Səmədova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva qonaq qismində iştirak edib.
Tədbir şagirdlərin qiraət, mahnı, tamaşa və rəqs örnəkləri ilə davam edib.






