Press "Enter" to skip to content

Denizlidə 4-cü Beynəlxalq MinWat25 Simpoziumu keçirilir

Tədbirdən foto

Tədbirə Pamukkale Universiteti ev sahibliyi edir

BAYRAQDAR MEDİA – Beynəlxalq Hidrogeoloqlar Birliyi (IAH) və Minerallı və Termal Sular Komissiyası (CMTW) tərəfindən təşkil olunan MINWAT 2025 Beynəlxalq Simpoziumu 2–6 noyabr tarixləri arasında Pamukkale Universitetində (PAÜ), PAÜTERM Konfrans Salonunda keçirilir.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata görə, beynəlxalq iştiraklı simpoziumun açılış mərasimi Denizli valisi Ömər Faruk Coşkun və Pamukkale Universitetinin rektoru professor Mahmud Güngörün iştirakı ilə reallaşıb: “Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Türkiyənin İstiqlal Marşı səsləndirilib. Daha sonra açılış nitqləri ilə proqram davam etdirilib. İlk çıxış Pamukkale Universiteti Mühəndislik fakültəsinin Geologiya mühəndisliyi kafedrasının müəllimi və Geotermal Tətbiq və Tədqiqat Mərkəzinin direktoru dosent doktor Ali Bülbül, ardınca isə Rusiya Dövlət Hidrometeorologiya Universitetindən dosent doktor Natalia Vinograd tərəfindən edilib”.

Dosent doktor Ali Bülbül çıxışında deyib: “Beynəlxalq Hidrogeoloqlar Birliyi çərçivəsində yaradılan CMTW (Minerallı və Termal Sular Komissiyası) təxminən 10 ildir ki, müxtəlif ölkələrdə seminarlar və simpoziumlar təşkil edir. Əvvəllər Çexiyada, Portuqaliyada və İtaliyada keçirilən bu Çoxdisiplinli Minerallı və Termal Sular Simpoziumunun bu il 4-cüsü baş tutur və ilk dəfə olaraq Türkiyədə, Pamukkale Universitetinin ev sahibliyi və Geotermal Tətbiq və Tədqiqat Mərkəzimizin koordinasiyasında təşkil olunur.”
Pamukkale Universitetinin rektoru professor Mahmud Güngör isə çıxışında bildirib: “Beynəlxalq Hidrogeoloqlar Birliyi tərəfindən bu il 4-cüsü keçirilən Çoxdisiplinli Minerallı və Termal Sular Simpoziumuna ev sahibliyi etməkdən Pamukkale Universiteti olaraq böyük məmnunluq duyuruq. Denizli bölgəmiz minerallı və termal sular baxımından çox zəngin potensiala malikdir.”

Açılış çıxışlarından sonra proqram plaket təqdimatı ilə davam edib. Denizli valisi Ömər Faruk Coşkun tədbirin sponsorlarına plaket təqdim edib, rektor professor Mahmud Güngör isə DSİ Denizli Şöbə müdiri Kemal Özsoya təşəkkür plaketi verib.

Plaket təqdimatından sonra başa çatan açılış mərasimi simpoziumun ilk iclası ilə davam etdirilib.

Mission News Theme by Compete Themes.