BAYRAQDAR MEDİA – Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Yüksək Səviyyəli Dəyirmi Masası çərçivəsində Nazirliyi ilə Ərəb Koordinasiya Qrupunun üzvləri arasında Niyyət Bəyannaməsi” imzalanıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir, OPEC Beynəlxalq İnkişaf Fondunun baş direktoru Əbdülhəmid Əlxəlifə,Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad vəKüveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoru Valid Əl-Bahar imzalayıblar.
Niyyət Bəyannaməsinə əsasən tərəflər “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlər” sənədinə uyğun olaraq Azərbaycan Respublikasında infrastruktur layihələrinə Ərəb Koordinasiya Qrupunun üzv qurumları tərəfindən güzəştli maliyyələşmə imkanlarının cəlb olunması istiqamətində əməkdaşlığın genişləndirilməsi niyyətlərini ifadə ediblər”.
Məlumata görə, sənəd həmçinin, məlumat və təcrübə mübadiləsinə əsaslanan əməkdaşlığın təşviqini nəzərdə tutur.
Daha sonra “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Əbu-Dabi İnkişaf Fondu arasında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi imzalayıblar.
İmzalanmış sənədlər Azərbaycanın Ərəb Koordinasiya Qrupu ilə tərəfdaşlığını yeni mərhələyə yüksəldərək birgə fəaliyyətin səmərəliliyinin artırılması, işgüzar platformaların və investisiyaların təşviqi üçün yeni mexanizmlərin yaradılmasını əhatə edir.





