Əkbər Qoşalı: Biz ortaq keçmişdən ortaq gələcəyə məhz ortaq yaddaşla, deməli, ilk sırada dil yaddaşı ilə gedə bilərik
BAYRAQDAR MEDİA – “Qardaş Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü haqqında qərar qəbul edildi. Bu qərar qardaş Türkiyənin digər qardaş dövlətlərlə birlikdə hazırladığı və 26 ölkənin birgə təqdim etdiyi ortaq təşəbbüsün nəticəsidir. Əlbəttə, türk dillərinin tanıdılması üçün çalışmaları yüksəldən belə bir addım, tarixi səciyyə və səviyyə daşıyır və olan türk dilinin qorunması, gələcək nəsillərə ötürülməsi yönündə işbirliyini daha da gücləndirəcəkdir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.
O, qeyd edib ki, biz ortaq keçmişdən ortaq gələcəyə məhz ortaq yaddaşla, deməli, ilk sırada dil yaddaşı ilə gedə bilərik: “Bizim bu yeni Günümüz – UNESCO-nun qərarı – əslində, öz dilinə biganə olmayan bütün xalqların bölüşə biləcəyi bir gözəllikdir. Bəli, bundan sonra hər təqvim ilinin son ayının 15-i Dünya Türk Dili Ailəsi Günü olaraq vurğulanacaq, bizim – Türk dünyasının dil bayramı olacaq”.
Ə.Qoşalı sözügedən istiqamətdə iki mühüm məqama toxunub: “Bu məqamda, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ailə vurğusu edən çox vacib və mövzumuza tam uyğun düşüncələrini yada salmaq istərdim. “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. – Dövlət başçımız 2024-cü il fevralın 14-də Milli Məclisdəki Andiçmə mərasimində belə deyirdi. Hər iki ailə vurğusu özünəxas dərin məzmun və üfüqgenişliyi daşıyır”.
Ə.Qoşalı bildirib ki, ikinci məqam da Azərbaycanın dövlət başçısının Milli Elmlər Akademiyasının 80 illik yubiley ilə bağlı tədbirdəki çıxışıdır: “Cənab Prezidentin həmin çıxışında bütün digər vacib istiqamətlərlə yanaşı, dilimizin saflığı, qorunması məsələlərinə də tarixi vurğular vardı. Dövlət başçısı çıxışında “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik” deyə bəyan etdi. Cənab Prezident onu da bəyan etdi ki, “hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Hesab edirəm ki, Prezidentin Akademiyadakı nitqini dinləyən, oxuyan hər kəs, oradan obyektiv nəticələr, vəzifələr çıxara bilər”.
Müsahibimizin sözlərinə görə, nitqin Zəfərimizlə, tariximizlə, mədəniyyət coğrafiyamızla, həqiqətlərimizlə, qarşıda duran hərtərəfli quruculuq vəzifələri ilə, o cümlədən elmi yeniliklərlə bağlı bölümləri də dövlət dilimizlə bağlı tapşırıqları özündə daşıyır: “Biz öz dilimizdə, türkcəmizdə qalib gəlmişik. – Zabitimiz əsgərimizə “İrəli”dən öncə “Ardımca!” deyir, bir sözlə, sözünü öz türkcəmizdə buyururdu. Cəbhədə vurulmuş, götürülmüş, indi Hərbi Qənimətlər Parkında sərgilənən düşmən texnikası başqa dildəydi… İşğalçının tunelləri, səngərləri, minaları, silah-sursatı, ərzaqı, palı-paltarı başqa dildəydi, başqa dildəydi… Zəfərimiz tamamən türkcəydi, öz ailəmizcəydi; qələbəmizi özümüz qazandıq; öz şəhidlərimiz, öz qazilərimiz, öz ordumuz Ali Baş Komandanımızın buyruğu əsasında olmazları olar etdi! Zəfərimizin işığı da bütün Türk dünyasına düşdü”.









