Press "Enter" to skip to content

Bu Zəfər Lider-Dövlət-Xalq-Ordu birliyinin ən yüksək zirvəsidir

Dr. Yücel Karauz

Dr. Yücel Karauz: Bu, 200 illik geriləmənin dayandırıldığı və Vətən torpaqlarının işğaldan azad olunduğu, Azərbaycan tarixinin ən böyük zəfəridir

BAYRAQDAR MEDİA – “Türk dünyası daha bir möhtəşəm və tarixi hadisənin ildönümünü qeyd etməyə hazırlaşır. Bəli, təkcə Azərbaycan deyil, bütün türk dünyası. Çünki türk dünyasında son yüz ilin ən böyük zəfəri, müharibələrdə qazanılmış ən parlaq qələbə kimi tarixə düşən Azərbaycan Zəfərinin beşinci ildönümü təkcə qardaş Azərbaycanda deyil, bütün türk dünyasında coşqu ilə qeyd edilir. Bu da təsadüfi deyil. Məhz bu zəfərdən sonra türk dünyası yeni şahlanış dövrünə qədəm qoydu”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz dedi.

Öncə “mən bu tarixi zəfərin əldə edilməsi münasibətilə başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla qardaş Azərbaycan dövləti və xalqını, o cümlədən rəşadətli Azərbaycan ordusunu təbrik edirəm” deyən müsahibimiz əlavə etdi ki, bu, 200 illik geriləmənin dayandırıldığı və Vətən torpaqlarının işğaldan azad olunduğu, Azərbaycan tarixinin ən böyük zəfəridir: “Bu zəfər məhz Azərbaycan Ordusunun qəhrəman, rəşadətli, qorxu bilməz əsgər və zabitlərinin şücaəti, şəhidlərin müqəddəs qanı, qazilərimizin fədakarlığı hesabına əldə edilib”.

Bu Zəfərin mahiyyətində güclü xalq, güclü ordu, güclü dövlət və bütün bunları özündə birləşdirən Güclü Lider –dayanır

Dr. Yücel Karauz bildirdi ki, bu Zəfərin mahiyyətində güclü xalq, güclü ordu, güclü dövlət və bütün bunları özündə birləşdirən Güclü Lider – Ali Baş Komandan İlham Əliyev dayanır: “Böyük fəxarətlə qeyd edirik ki, bu Zəfər Lider-Dövlət-Xalq-Ordu birliyinin ən yüksək zirvəsidir. Məhz lider-dövlət-xalq-ordu birliyinin vəhdəti nəticəsində bu möhtəşəm qələbə qazanıldı. Bu amillər özündə vahid Azərbaycan xalqının və dövlətinin birliyini təcəssüm etdirir. Bu amillər dəmir yumruq kimi birləşdi və bu birliyin nəticəsində düşmən üzərində sarsıdıcı qələbə əldə olundu, Azərbaycan torpaqları işğaldan azad edildi”.

Bu Zəfər rəşadətli, müzəffər, Azərbaycan ordusunun gücünü dünyaya nümayiş etdirdi

Türkiyəli generalın sözlərinə görə, bu Zəfər rəşadətli, müzəffər, sülh üçün tər tökən Azərbaycan Ordusunun gücünü dünyaya nümayiş etdirdi: “Bu ordu Vətən, millət, torpaq üçün canını, qanını verdi. Bu gün Azərbaycan Ordusu istər təlim, istərsə də silahlanma baxımından dünyanın ən güclü 50 ordusu siyahısındadır. Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Güney Qafqazın ən güclü ordularından birinə çevrilib. Məhz bunların fonunda böyük qürrur hissi ilə deyirik ki, Qarabağ Zəfəri – yeni döyüş taktika və texnikalarının tətbiq olunduğu müasir konvensional hərbi əməliyyatın parlaq nümunəsidir. Qarabağ Zəfəri- dünyadakı müxtəlif ölkələrin müdafiə sənayesi sistemlərinin ən yüksək səviyyədə koordinasiya olunduğu əməliyyatın parlaq nümunəsidir”.

Bu qələbə imperialist qüvvələrə qarşı mübarizə aparan xalqlar və dövlətlər üçün bir örnəkdir

Müsahibimiz bildirdi ki, bu Zəfər yalnız Azərbaycanın və ya türk dünyasının zəfəri deyil: “Bu, dünyada haqqı tapdananlarla haqqı tapdalayanlar arasında aparılan mübarizədə qazanılmış tarixi bir ədalət zəfəridir. Daha dəqiq desək, bu qələbə imperialist qüvvələrə qarşı mübarizə aparan xalqlar və dövlətlər üçün bir örnək, bir nümunə rolunu oynayır”.

Qeyd edildi ki, məhz bu zəfərdən sonra dünyanın ayrı-ayrı nöqtəsində müşahidə edilənlər də deyilənləri təsdiqləyir. Artıq uzun illər və əsrlər boyu torpaqlaır içperialist güclərin işağlı altında olan xalqlar və dövlətlər öz səslərini ucaldırlar.

Bu tarixi qələbə türk dünyasının şahlanışı, onun daha dərin inteqrasiyası və yenidən formalaşması üçün mühüm təkan oldu

Zəfərin türk dünyası üçün əhəmiyyətinə dair suala gəlincə müsahibimiz dedi ki, bu tarixi qələbə türk dünyasının şahlanışı, onun daha dərin inteqrasiyası və yenidən formalaşması üçün mühüm təkan oldu: “Bəllidir ki, Sovet İttifaqının süqutundan sonra türk dünyasında yeni bir proses başladı. Orta Asiyadakı türk dövlətləri və Azərbaycan sovet imperiyasının əsarətindən xilas olaraq müstəqillik yoluna qədəm qoydular. Lakin həmin dövrün geosiyasi şərtləri imkan vermirdi ki, türk birliyi dərhal formalaşsın. Bu proses mərhələlərlə həyata keçirilməli idi və bu istiqamətdə də mühüm addımlar atılmağa başlandı. Türk birliyinin əsasının qoyulması üçün ilk toxumlar səpildi və bu, 2009-cu ildə Naxçıvanda imzalanan Naxçıvan Sazişi ilə – Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması ilə özünün ilk kulminasiya nöqtəsinə çatdı”.

Türkiyəli general qeyd etdi ki, 2009-cu ildən sonrakı təxminən 10–12 il ərzində türk dövlətləri arasında inteqrasiya prosesi elə də dərin xarakter daşımadı: “Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən sonra bu istiqamətdə yeni bir mərhələ başlandı. Bu mərhələnin başlanğıcı Zəfərdən bir il sonra – 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə qoyuldu. Bu sənəd iki qardaş ölkəni strateji müttəfiqlik səviyyəsinə yüksəltdi. Elə həmin ilin noyabrında isə Türk Dövlətləri Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırıldı. Bu qərar sıradan bir addım deyildi. O, türk dünyasının daha dolğun, daha vahid bir şəkildə təşkilatlanması, dünya miqyasında öz gücünü və iradəsini göstərməsi baxımından tarixi dönüş nöqtəsi idi”.

Müsahibimizin sözlərinə görə, bu gün isə artıq bu birlik elə bir mərhələyə çatıb ki, onun daxilində siyasi, iqtisadi, mədəni və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsi məsələləri müzakirə olunur: “Haqlı olaraq belə fikirlər səslənir ki, Türk Dövlətləri Təşkilatı öz birgə təhlükəsizlik və müdafiə qüvvələrinin formalaşdırılması istiqamətində konkret addımlar atmalıdır. Bu baxımdan Prezident İlham Əliyevin çağırışları mühüm əhəmiyyət kəsb edir. Onu da deyim ki, Şuşa Bəyannaməsinə yalnız Azərbaycanla Türkiyə arasında imzalanmış strateji sənəd kimi baxmaq doğru deyil. Bu bəyannamə Zəfərin bəhrəsi kimi ortaya çıxmış, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsindəki digər ölkələr üçün nümunə rolunu oynayan bir sənəddir. Digər tərəfdən, məhz Şuşa Bəyannaməsindən sonra TDT daxilində ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi təlimlər keçirilməyə başlandı. Bu təlimlər türk dövlətlərinin gələcəkdə vahid – ən azı müdafiə xarakterli bir ordusunun formalaşması üçün baza ola bilər”.

Azərbaycan Ordusunun əldə etdiyi bu tarixi zəfər həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan misilsiz əhəmiyyətə malikdir

Müsahibimiz sonda bir daha vurğuladı ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi bu tarixi zəfər həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan misilsiz əhəmiyyətə malikdir: “Azərbaycan müharibə zamanı dünyada bənzəri olmayan qəhrəmanlıq və hərbi taktika nümayiş etdirdi, müasir döyüş tarixində öz adını qızıl hərflərlə yazdı. Eyni zamanda, Azərbaycan cəbhədə qazandığı bu qələbəni diplomatik müstəvidə də möhkəmləndirərək regionun yeni lider dövləti kimi sözünü deməyə davam edir. Bu zəfər həm də Cənubi Qafqazın iqtisadi inkişafına mühüm töhfə verəcək. Məhz bu qələbədən sonra formalaşan Zəngəzur dəhlizi ideyası artıq bütün dünya tərəfindən qəbul olunur. Dəhlizin açılması ilə Cənubi Qafqazda iqtisadi inkişaf və uzunmüddətli sabitlik təmin olunacaq”.

“Bir daha xalqım, millətim və ölkəm adından bu Zəfəri bizə yaşatdıqları üçün Azərbaycan xalqına, Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət, qəhrəman qazilərimizə sağlam ömür diləyirəm.” deyə Dr.Yücel Karauz bildirdi.

Mission News Theme by Compete Themes.