Bakıda Ərəb Koordinasiya QrupununYüksək Səviyyəli Dəyirmi Masası keçirilib
BAYRAQDAR MEDİA – Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun (ƏKQ) Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupunun yüksək səviyyəli nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib.
Azərbaycan Ərəb Koordinasiya Qrupuna daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurub
Nazir Azərbaycanın Qrupa daxil olan institutlarla səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu vurğulayıb. Bildirilib ki, İslam İnkişaf Bankı (İİB) və OPEC Fondu ölkəmizdə dayanıqlı inkişaf, sosial rifahın artırılması və iqtisadi infrastrukturun gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsində iştirak edib, həmçinin Qrupa daxil olan digər üzv qurumların ölkəmizdə həyata keçirilən layihələrə qoşularaq Azərbaycanın sosial-iqtisadi tərəqqisinə töhfələr veriblər”.

Bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və əldə edilən nəticələr barədə məlumat verib: “İşğaldan azad edilmiş ərazilərin bərpası və bu ərazilərin iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, sahibkarlıq fəaliyyətinin təşviqi üçün tətbiq edilən güzəşt və stimullar, Qarabağ və Şərqi Zəngəzurun geniş iqtisadi potensialı qonaqların diqqətinə çatdırılıb”.
Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlıq var
İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycan və ƏKQ arasında möhkəm tərəfdaşlığı qeyd edib. Əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Dəyirmi masanın qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bankın Azərbaycanla güclü infrastrukturun qurulması, istehsal potensialının reallaşdırılması, rəqəmsal transformasiya və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdəperspektiv layihələrdə iştirakda maraqlı olduğu qeyd edilib.
OPEC-in Azərbaycanla əlaqələrin möhkəm etimada əsaslanır
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə Fondun Azərbaycanla əlaqələrinin möhkəm etimada əsaslandığını vurğulayıb. Enerji, nəqliyyat, su təchizatı, kənd təsərrüfatı sahələrində işbirliyi qeyd edilib. Fondun infrastrukturun inkişafı, ətraf mühitin qorunması, ərzaq təhlükəsizliyi və digər prioritet sahələrdə tərəfdaşlığa önəm verdiyi diqqətə çatdırılıb. Qurumun Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verdiyi bildirilib.
Azərbaycanla ərəb ölkələri arasında dostluq və etimada əsaslanan tərəfdaşlıq mövcuddur
Tədbirdə çıxış edən Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl-Suveydi bildirib ki, son illər Azərbaycan və Birləmiş Ərəb Əmirlikləri arasında güclü iqtisadi tərəfdaşlıq münasibətləri formalaşıb və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı iqtisadi əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.
Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad Azərbaycanla dostluq və etimada əsaslanan tərəfdaşlığın mövcud olduğunu qeyd edib. Bu görüşdən sonra qarşılıqlı münasibətlərdə ölkəmizin milli inkişaf hədəflərinə uyğun yeni mərhələnin başlanacağına və əməkdaşlığın daha sıx şəkildə inkişaf edəcəyinə inandığını vurğulayıb.

Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun icraçı direktoruvəzifəsini icra edən Valid Əl-Bahar Fondun əsas missiyasının üzv ölkələrin və tərəfdaş dövlətlərin iqtisadi və sosial inkişafına dəstək vermək olduğunu bildirib. Qeyd edilib ki, Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycan zəngin təbii sərvətlərə, məhsuldar torpaqlara və yüksək ixtisaslı insan resurslarına malikdir. Azərbaycanla iqtisadi şaxələndirmə, sosial-inkişafın təmin edilməsi, eləcə də texniki yardım istiqamətində əməkdaşlığın genişlədirilməsi üçün böyük potensial mövcuddur.
İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib
Dəyirmi masa çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dayanıqlı inkişaf, şəhərsalma, su ehtiyatlarının idarə edilməsində səmərəliliyin artırılması, nəqliyyat infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələr barədə məlumat verilblər. Dəyirmi masa çərçivəsində perspektiv layihələrlə bağlı təqdimatlar nümayiş etdirilib.
Tədbirdə iştirak edən maliyyə nazirinin birinci müavini Anar Kərimov və Nazirlər Kabinetinin şöbə müdiri Ruslan Rüstəmli ölkəmizin Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığa önəm verdiyini bildirib, tərəfdaşlığın inkişafı üçün imkanları qeyd ediblər.
Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verilib, bu ərazilərin investisiya potensialı diqqətə çatdırılıb.
Dəyirmi masada təqdim olunan strateji infrastruktur və inkişaf layihələri ilə bağlı müzakirələr aparılıb, birgə maliyyələşmə perspektivləri barədə fikir mübadiləsi aparılıb.





