BAYRAQDAR MEDİA – Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti (ATÜ) beynəlxalq əməkdaşlıqlarına daha birini əlavə edib. Universitetin rektoru professor Adnan Sözən ilə Alfraganus Universitetinin Elmi Tədqiqatlar və Beynəlxalq Layihələr üzrə rektor müşaviri professor Şahlo Botirova arasında əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektorluqda keçirilən imzalama mərasimində prorektorlar professor Haşim Kelebek, professor Neşe Yalçın, baş katib dosent Nihat Döngel, Alfraganus Universitetinin müəllimləri professor Maftuna Kurbanova, dosent Muhlisa Omonova və tələbə Nərgiz Cəlilova iştirak ediblər: “Protokol çərçivəsində iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq elmi layihələrin həyata keçirilməsi, elmi konfranslar və tədris proqramları kimi sahələrdə əməkdaşlıq nəzərdə tutulur. Ziyarət çərçivəsində Alfraganus Universitetinin müəllimləri və tələbələri ATÜ-nü gəzərək fakültələr və akademik bölmələr haqqında ətraflı məlumat alıblar”.





