BAYRAQDAR MEDİA – Sabah 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümüdür. Düz 5 il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi. Həmin tarixi Zəfər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu xarici və daxili siyasətin davamı olaraq Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi, xalqın həmrəyliyi, ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində əldə olundu.
Bu münasibətlə həm Azərbaycanda, həm də ölkə xaricində silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Manisada keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya tədbirin təşkilatçısı olan Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyindən məlumat verilib.
Məlumata görə, 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə tədbir təşkil ediləcək: “Tədbirə çoxsaylı vətəndaş cəmiyyəti təşkilatlarının və siyasi partiyaların nümayəndələri, İzmir Azərbaycan Dərnəyindən qonaqlar, millət vəkilləri, İzmir 9 Eylul Universitetinin təmsilçiləri, həmçinin Manisada təhsil alan azərbaycanlı və digər türk dövlətərindən olan tələbələr, şəhər sakinləri dəvət olunub”.
Məlumatda deyilir ki, tədbirə günün əhəmiyyətindən bəhs edən çıxışlar olacaq. Daha sonra isə konsert proqramı təqdim ediləcək.





