Press "Enter" to skip to content

Səndən ötrü can verməyə cümlə hazırız

Qarabağ Azərbaycandır!

Yaxud 5 il öncə əldə edilən tarixi Zəfər, həm də türk dünyasının “Qızıl Alma”ya doğru inamla irəliləməsinə təkan verən mərhələnin başlanğıcı oldu

Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

BAYRAQDAR MEDİA – Bu gün, 8 noyabr, Azərbaycan tarixinin ən əlamətdar günlərindən biri, beş il əvvəl baş vermiş 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin ildönümü, tarixi Zəfər Günüdür.

O Zəfər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində, hər gün, dünya hərb tarixinə düşən qəhrəmanlıqlar və şücaət göstərərək, torpaqlarımızı düşmən işğalından azad etdi. 44 günün zirvəsi, kulminasiya nöqtəsi isə türk dünyasının mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad edilməsi oldu.

Artıq 5 ildir ki, Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır

Artıq 5 ildir ki, Azərbaycan xalqı bu Zəfərin təntənəsini, qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır. Bu il isə biz bu möhtəşəm hadisənin ildönümünü Azərbaycan üçün başqa bir baxımdan da əlamətdar bir vaxtda – Konstitusiya və Suverenlik İli çərçivəsində qeyd edirik.

Bu da təsadüfi deyil. Çünki məhz bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 ili tamam olur. Eyni zamanda bu il, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü bərpa edən tarixi Zəfərin beşinci ildönümüdür. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev 2024-cü il dekabrın 24-də 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı.

Bəli, bu Zəfər, müstəqilliyin bərpasından sonra bütün ölkə ərazisində dövlət suverenliyinin tam şəkildə təmin edilməsinə aparan tarixi mərhələ oldu. Vətən müharibəsindən iki il sonra – heç bir sutka belə çəkməyən lokal xarakterli antiterror əməliyyatı sayəsində suverenliyimiz bütün ölkə ərazisində bərpa edildi. Bu, həm də o demək idi ki, Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində öz tam hüquqi qüvvəsini bərpa etdi. Artıq bu gün Azərbaycan dövləti öz sərhədləri daxilində tam nəzarəti həyata keçirir, qanunlarımız və Konstitusiyamız bütün ərazilərimizdə icra olunur.

Namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır

Əlbəttə, bu Qələbə asanlıqla əldə olunmadı. Bu Zəfərin əsasında Ali Baş Komandanın dəmir iradəsi və Azərbaycan oğullarının misilsiz şücaəti dayanır. Bu Zəfər bir daha göstərdi ki, Azərbaycanın Dövlət Himnində yazılan “Namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır” misrası təsadüfi deyil.

Rəşadətli Azərbaycan Ordusu
Rəşadətli Azərbaycan Ordusu

Çünki, Azərbaycan gəncliyi düşmən üstünə bu himni oxuya-oxuya-

Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.

-deyə-deyə getdi və dünya gördü ki, Azərbaycanın oğul və qızları dünən olduğu kimi, bu gün də Azərbaycan üçün, torpaq və bayraq üçün can verməyə hər an hazırdırlar.

Bu torpaqların əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya nümayiş etdiririk

Beş il öncə əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edildi, Qarabağın incisi olan Şuşa -Xarıbülbül diyarı erməni tapdağından xilas olundu. Və, bu Zəfərin ardınca, demək olar ki, dərhal, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və abadlıq işlərinə başlanıldı.

Bu günə baxanda ortada olan nəticə sadəcə həm qürur, həm də təəccüb doğrurur. Çünki işğaldan azad olunmuş ərazilərdə – 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdilir. Özü də bütün bu proseslər kənardan heç bri dəstək olmadan, Azərbaycan dövlətinin imkanları hesabına həyata keçirilir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşü

Bu gün bütün dünya görür ki, Azərbaycan xalqı 30 il öncə işğal nəticəsində ermənilər tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş şəhərləri, kəndləri, mədəni abidələri bərpa edir, bu torpaqlara yenidən həyat gətirir. İşğal dövründə daş üstə daş qoymayan ermənilərin dağıtdığı yurdları biz yenidən dirçəldirik.

Dədə Qorqud demiş: “Torpağı əkib-becərməyə hazır deyilsənsə, onu qorumağa da dəyməz”. Biz isə bu gün Türk oğlu Türk olaraq, dünya türklərinin ulu ozanı Dədə Qorqudun nəsihətini, vəsiyyətini əldə rəhbər tutaraq torpağı həm qoruyur, həm əkib-becərir, beləliklə də, bu torpaqların əsl, əzəli və əbədi sahibləri olduğumuzu bütün dünyaya nümayiş etdiririk.

Bütün bu qələbələrin memarı cənab Prezident İlham Əliyevdir

Bütün bu qələbələrin memarına gəlincə, 2025-ci il oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində də qeyd olunduğu kimi, həm müharibədə, həm diplomatiya sahəsində əldə edilən uğurların müəllifi məhz İlham Əliyevdir.

Biz bu həqiqətin şahidi olduq – xüsusilə də avqustun 8-də ABŞ-da imzalanan sənədlər bir daha göstərdi ki, İlham Əliyev təkcə regionun deyil, qlobal miqyasda uğurlu və nüfuzlu dövlət başçısıdır. Cənab İlham Əliyev cəbhədə qazandığı qələbəni diplomatiya müstəvisində də təsdiqlədi, və bu təsdiq, belə deyək ki, dünyanın aparıcı mərkəzlərindən biri olan ABŞ-da möhürləndi.

“Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək

QHT-lərin məlum müraciətində qeyd edildiyi kimi, “bu ilin 8 avqustundakı Vaşinqton Zirvə Görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək”.

Müraciət oxunarkən
Müraciət oxunarkən

Yeri gəlmişəkən, “Biz Azərbaycanı qələbədən qələbəyə aparan siyasətinizi tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin tarixi missiyanızı alqışlayırıq” deyə, qeyd olunan müraciətdə ictimai sektor təmsilçiləri həm də bəyan etdilər ki, bundan sonra da mübariz olacaqlar: “Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”.

Əslində, başqa cür də mümkün deyil. Çünki bu günə qədər də QHT-lər həm ön, həm arxa cəbhədə dövlətin yanında olublar və bunu yalnız sözlə deyil, əməlləri ilə sübut ediblər. 44 günlük müharibədə ön cəbhədə düşmənə qarşı döyüşən QHT rəhbərləri, könüllülər, ekoloqlar sonrakı illərdə də bu mübarizəni davam etdirdilər.

3 il öncəki ekoloji aksiyadan kollaj
3 il öncəki ekoloji aksiyadan kollaj

3 il öncə 2022-ci il dekabrın 12-də Xankəndi-Laçın yolunda başlanan, Azərbaycan tarixinə ən uzunmüddətli və fasiləsiz davam etmiş etiraz aksiyası kimi düşmüş, bu yazının müəllifi olan bəndənizin də ilk saniyələrdən etibarən iştirakçısı olduğu ekoloji aksiya bunun bariz nümunəsi idi. Həmin aksiyanın təşəbbüskarları və iştirakçıları Azərbaycan dövlətinin yanında olduqlarını bütün dünyaya göstərdilər, ölkəmizin haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar.

Yeni dövrdə isə üzərimizə daha böyük vəzifələr düşür

Bu gün Zəfərin beşinci ildönümünü qeyd edərkən biz – QHT təmsilçiləri bir daha sübut edirik ki, mübarizəyə hər zaman hazırıq. Yeni dövrdə isə üzərimizə daha böyük vəzifələr düşür. Bu vəzifələrdən biri də Zəfər ruhunun bütün dünyada təbliği, onun ideyalarının yüksəkdə dalğalanan bayraq kimi ucaldılmasıdır. Azərbaycanın qeyri-hökumət təşkilatları Zəfər Gününün beynəlxalq miqyasda təbliği istiqamətində daha fəal olmalıdırlar.

Xankəndidən xatirə fotosu
Xankəndidən xatirə fotosu

Xaricidə keçirilən hər bir tədbirdə yaranmış ən xırda imkandan istifadə edərək başqa ölkələrin QHT təmsilçilərinə zəfərimizlə bağlı məlumatlandırmalar etməliyik. Eyni zamanda müxtəlif tədbirlər çərçivəsində ölkəmizə səfər edən xarici QHT təmsilçilərinin imkan daxilində Bakıdakı Zəfər parkına ziyarəti təşkil edilməli, onlarla Zəfərin həm də Cənubi Qafqazın gələcək inkişafı üçün əhəmiyyətli olmasına dair söhbətlər aparmalıdır.

Hesab edirəm ki, bu istiqamətdə QHT-lərlə media nümayəndələri çiyin-çiyinə fəaliyyət göstərməlidirlər.  BAYRAQDAR MEDİA bu prosesdə dövlətimizin, millətimizin və türk dünyasının yanındadır.

Bu, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfəridir

Türk dünyası demişkən – bu Zəfər, əslində, yalnız Azərbaycanın deyil, bütün türk dünyasının Zəfəridir. Təsadüfi deyil ki, bu Qələbədən sonra türk dünyası yeni bir yüksəliş dövrünə qədəm qoydu. Gələn il beşinci ildönümünü qeyd edəcəyimiz Şuşa Bəyannaməsi də məhz bu Zəfərin nəticəsində imzalanmışdı. Həmin bəyannamədən güc alaraq atılan növbəti addım isə İstanbulda keçirilən Zirvədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatı adlandırılması oldu.

Şuşa Bəyannaməsi imzalanarkən
Şuşa Bəyannaməsi imzalanarkən

Bu, sadəcə ad dəyişikliyi deyildi. Bu, türk dünyasının da eynən Avropa Birliyi kimi qlobal arenada vahid, güclü və təsirli bir təşkilat kimi formalaşmaq iddiasını ortaya qoyduğunun göstəricisi idi. Prezident Ilham Əliyevin də bəyan etdiyi kimi, yeni dünya düzəni formalaşır və bu düzəndə türk dünyası aparıcı aktorlardan biri kimi öz sözünü deməlidir.

Hesab edirik ki, bu siyasətin “pasportu” 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində verildi, “viza möhürü” isə İstanbulda vuruldu.

Türk dünyasının birliyinə, Turan idealına doğru atılmış möhtəşəm addım

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qəbələdə keçirilən Zirvə toplantısında qəbul edilən qərarlar da göstərdi ki, 44 günlük müharibədə əldə edilən Zəfər təkcə Azərbaycan torpaqlarının işğaldan azad olunması deyildi. Bu, türk dünyasının birliyinə, Turan idealına doğru atılmış möhtəşəm addım idi.

Türk Dövlətlrəi Təşkilatı Dövlət Başçılarının Qəbələdə keçiirlən Zirvə görüşündən xatirə fotosu
Türk Dövlətlrəi Təşkilatı Dövlət Başçılarının Qəbələdə keçiirlən Zirvə görüşündən xatirə fotosu

Bu Zəfər babalarımızın arzuladığı, bizə tövsiyə etdiyi “Qızıl Alma”ya doğru inamla irəliləməyə təkan verən tarixi mərhələnin başlanmasıdir.

Şuşa xatirəsi
Şuşa xatirəsi

Sonda bu Zəfəri bizə yaşadanlara – başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, qəhrəman Azərbaycan Ordusuna “Var olun!” deyirik. Şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayırıq.

Mission News Theme by Compete Themes.