KKTC-dən olan media nümayəndələri xüsusi yayım zamanı Azərbaycandakı zəfər ab-havasını dəyərləndirib, bu coşqunu Kuzey Kıbrısa və bütün türk dünyasına çatdırıblar
BAYRAQDAR MEDİA – 8 Noyabr-Zəfər Günü Azərbaycanla Kuzey Kıbrıs arasındakı əlaqələr fonunda bir ilk yaşanıb. Belə ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətindən (KKTC) gələn media nümayəndələri Zəfər paradından xüsusi yayım ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya prose zamanı onlarla birlikdə olan və hazıda Azərbaycanda yaşayan əslən KKTC-li jurnalist Serdar Sengül məlumat verib.

Onun sözlərinə görə, qardaş ölkənin MYKibris.com xəbər portalının rəhbəri Ramazan Çelikel və görüntü rejissoru Samet Karakoç Zəfərin 5-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda və digər bayram tədbirlərində iştirak edərək, bu böyük qüruru Azərbaycan xalqı ilə birgə yaşayıblar.
Onlar, həmçinin Zəfər tədbirləri çərçivəsində Azadlıq Meydanında keçirilən mərasimlərdə vətəndaşlardan xüsusi müsahibələr alıblar.
“Qonaq media nümayəndələri mənim də iştirakımla saytın Facebook sosial şəbəkə hesabından xüsusi yayım zamanı Azərbaycandakı zəfər ab-havasını dəyərləndirdi, bu coşqunu KKTC-yə və bütün türk dünyasına çatdırdılar. Onu da deyim ki, qonaqlar yaxın günlərdə Qarabağa və Azərbaycanın digər bölgələrinə də səfər edəcəklər. Məqsəd Azərbaycanın sadə vətəndaşlarının KKTC ilə bağlı fikirlərini öyrənmək, həmçinin Azərbaycanı KKTC-yə daha dərindən tanıtmaqdır” deyə S.Şengül sonda əlavə edib.





