Press "Enter" to skip to content

Mustafa Kemal Atatürkü anmaq, yalnız onun xatirəsini yad etmək deyil

Tədbir zamanı

Son yeniləmə: 9 Noyabr 2025

Bakı Atatürk Liseyinin hər iki şöbəsində anım tədbirləri keçirilib

BAYRAQDAR MEDİA – “Hər il 10 noyabr tarixi Türkiyə Cümhuriyyətinin qurucusu, böyük lider Mustafa Kemal Atatürkün anım günü kimi qeyd olunur. 1938-ci ilin 10 noyabr səhəri, saat 9:05-də Atatürk vəfat etmiş, bu tarix həm Türkiyə xalqı, həm də bütün Türk dünyası üçün dərin kədər günü kimi yadda qalmışdır”.

Bu barədə Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən təşkil edilən anım tədbirlərində qeyd edilib. Liseyin hər iki şöbəsində də təşkil edilən anım tədbirləri dahi Mustafa Kemal Atatürkün xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra çıxış edən liseyin müdiri Eylem Gültekin Mustafa Kemal Atatürk barədə şagirdlərə geniş məlumat verib. Qeyd olunub ki, M.K.Atatürk bütün həyatını xalqının azadlığına, müstəqil dövlət qurulmasına və müasir cəmiyyətin formalaşmasına həsr etmişdir. O, xalqını maarifləndirməyə, elm və təhsili inkişaf etdirməyə, qadınlara və gənclərə cəmiyyətin hər sahəsində yer verilməsinə böyük önəm verirdi.

Şagirdlər Mustafa Kemal Atatürkün xatirəsini anıb
Şagirdlər Mustafa Kemal Atatürkün xatirəsini anıb

Türkiyə Cümhuriyyətinin qurucusunun həm də uşaq və gənclərə xüsus sevgi ilə yanaşdığını deyən E.Gültekin, eyni zamanda hər il 10 noyabrda məktəblərdə və müxtəlif qurumlarda keçirilən tədbirlərdə şagirdlərin də dahi öndəri sevgi ilə andığını bildirib: “Mustafa Kemal Atatürk bizə yalnız bir dövlət deyil, həm də milli ruh, birlik və müasir düşüncə miras qoymuşdur. Bu gün biz onun ideallarını yaşatmaq, Türkiyəni və Türk dünyasını daha da güclü görmək üçün çalışırıq. Əziz şagirdlər onu da deyim ki, Atatürkü anmaq, yalnız onun xatirəsini yad etmək deyil, onun bizə göstərdiyi yolla irəliləmək, elmə, mədəniyyətə və insanlığa xidmət etmək deməkdir. Əminəm ki, sizlər biliklərə daha dərindən yiyələnəcək, ulu öndərlər Mustafa Kemal Atatürk və Heydər Əliyevin bizə göstərdikləri yolla inamla addımlayaraq Türkiyə-Azərbaycan qardaşlığının gələcəkdə də inkişafı üçün çalışacaqsınız”.

Sonra şagirdlərin ifasında “Zeybek” rəqsi, həmçinin Ataürkün sevdiyi mahnı və rəqslər təqdim edilib.

Mərasimlər xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.