Press "Enter" to skip to content

Digər türk dövlətləri də Azərbaycanın bu təcrübəsindən yararlanmalıdır

Amangeldi Kurmet

Amangeldi Kurmet: Zəfər Paradı zamanı nümayiş olunan texnika və silah sistemləri Azərbaycanın çoxşaxəli hərbi-texniki əməkdaşlıq siyasətini əyani şəkildə göstərdi

BAYRAQDAR MEDİA – Noyabrın 8-də Bakıda keçirilən və Qarabağ müharibəsində qazanılmış Qələbənin 5 illiyinə həsr olunmuş Zəfər Paradı təkcə Azərbaycanda deyil, bütün dünyada, o cümlədən türk dünyasında maraqla izləndi. Azərbaycanın hərbi imkanlarının nümayiş olunduğu parad dostlarımızı sevindirdi, düşmənlərimizi isə kədərə qərq etdi.

Öz növbəsində qardaş Qazaxıstanda da bu parad maraqla izlənib. Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində hərbi şərhçi Amangeldi Kurmet deyib: “Öncəliklə onu deyim ki, bu parad Azərbaycanla yanaşı, digər türk dövlətlərində də qürurla və maraqla izləndi. Parada canlı və ekranlar qarşısında tamaşa edənlər Azərbaycan Ordusunun son illərdə xeyli yenilənmiş və müasirləşdirilmiş silah arsenalını da izlədilər”.

Onun sözlərinə görə, tədbir zamanı nümayiş olunan texnika və silah sistemləri Azərbaycanın çoxşaxəli hərbi-texniki əməkdaşlıq siyasətini əyani şəkildə göstərdi: “Azərbaycan Ordusunun arsenalında Türkiyə, İtaliya, İsrail, Rusiya, Çexiya, Serbiya və Çin kimi ölkələrin istehsalı olan müasir silah və texnika nümunələri yer alır. Məsələn, Tor-M2U, Buk-MB3K və modernləşdirilmiş ZSU “Şilka” qurğuları Rusiya istehsalıdır. Nora B-52 NG artilleriya sistemi Serbiya, PULS raket sistemi isə İsrail istehsalıdır. ARX-160 avtomatları İtaliyada, Kobra-2 zirehli texnikası Türkiyədə, DITA artilleriya qurğusu isə Çexiyada hazırlanır. Parad zamanı diqqət çəkən texnikalardan biri Çin və Pakistanın birgə istehsal etdiyi JF-17C qırıcısı oldu. Bir neçə il əvvəl bu təyyarələrin Azərbaycanın silahlanmasına daxil ediləcəyi barədə məlumat yayılmışdı və görünür, həmin təyyarələr artıq ölkəyə gətirilib”.

Ekspert deyib ki, tədbirdə, həmçinin “Türkiyənin HIMARS sistemi” adlandırılan TRLG-230 reaktiv yaylım atəşi sistemi də nümayiş etdirilib: “Bu sistemin standart raketləri 70 kilometrədək, təkmilləşdirilmiş variantı isə 150 kilometrədək məsafəni vurmaq qabiliyyətinə malikdir. TRLG-230 sistemi Bayraktar TB2 və Anka-S kimi pilotsuz uçuş aparatları ilə inteqrasiya olunaraq, lazerlə işarələnmiş hədəfləri yüksək dəqiqliklə məhv edir. Bundan başqa, Çin istehsalı olan HQ-9BE zenit-raket kompleksi də parad iştirakçılarına təqdim olunub. Bu sistemlərin ilk partiyası Azərbaycana oktyabr ayında gətirilib”.

Müsahibimiz onu da vurğulayıb ki, Azərbaycanın silahlı qüvvələrin texniki təchizatında tətbiq etdiyi yanaşma digər türk dövlətləri, xüsusilə də Orta Asiya ölkələri üçün nümunə ola bilər: “Azərbaycan hərbi sahədə müasir texnologiyaların tətbiqinə, dron, artilleriya və aviasiya sistemlərinin yenilənməsinə xüsusi diqqət yetirir. Ölkə köhnəlmiş texnikalardan tədricən imtina edir, yeni texnikaların effektivliyinə və qiymətinə üstünlük verir. Türkiyə istehsalı olan TRLG-230 sistemi bu istiqamətdə ən müasir nümunələrdən biridir. Müasir döyüşlərin tələbləri nəzərə alınmaqla hazırlanan bu sistem Mərkəzi Asiyada analoqu olmayan texnikadır. Eləcə də JF-17C qırıcıları sovet mənşəli təyyarələri tam əvəz edə biləcək səviyyədədir və PL-15 “hava-hava” raketləri ilə təchiz oluna bilər. Əgər Azərbaycan bu raketləri də əldə etsə, ölkə bölgədə ən güclü aviasiyalardan birinə sahib olacaq”.

“Bu, öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da artıran mühüm amildir. Digər türk dövlətləri də Azərbaycanın bu təcrübəsindən yararlanmalıdır” deyə ekspert sonda əlavə edib.

Mission News Theme by Compete Themes.