BAYRAQDAR MEDİA – Noyabrın 12-də Fövqəladə Hallar Nazirliyində (FHN) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Konstitusiya Məhkəməsinin Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov və Nazirliyin məsul vəzifəli şəxsləri iştirak ediblər. Əvvəlcə, Dövlət Himni səsləndirilib, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpasını tarixdə qazanılan ən parlaq Zəfər kimi səciyyələndirib. Ulu Öndər Heydər Əliyevin ötən əsrin sonlarında yenidən bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılması və onun əbədiliyinin təmin olunması istiqamətində müdrik addımlar atdığını vurğulayan nazir Ümummilli Liderin rəhbərliyi ilə müstəqil dövlətin ilk Konstitusiyasının hazırlanaraq Azərbaycan tarixinin ən vacib hadisələrindən biri kimi 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə qəbul edildiyini xatırladıb”.
Sonra xəbərdə, “Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq Zəfəri, ərazi bütövlüyünün və suverenliyin bərpa olunmasını, nəticədə Dövlət Bayrağının Azərbaycanın bütün ərazisində dalğalanmasını Azərbaycan tarixinin təkrarsız hadisəsi hesab etdiyini bildirən K.Heydərov, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə azad Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin ata-baba torpaqlarına qayıtmasından danışıb. Sonda K.Heydərov ötən 22 ildə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf etdiyini, yeni reallıqlar şəraitində özünün milli maraqlarını rəhbər tutaraq müstəqil siyasətini cəsarətlə, prinsipiallıqla davam etdirdiyini, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini vurğulayıb” deyə bildirilir.
Xəbərdə həmçinin qeyd edilir ki, “hər bir hüquqi dövlətdə dövlətin siyasi, hüquqi və ictimai həyatının təməl sütununun Konstitusiya olduğunu qeyd edən Konstitusiya Məhkəməsinin Aparatının İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov çıxışında Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun hazırlanan və qəbul edilən ilk milli Konstitusiyanın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə düşmən üzərində qazanılan böyük Qələbə sayəsində ərazi bütövlüyün və suverenliyin tam bərpa edilməklə, Konstitusiyasının hüquqi qüvvəsi bütün torpaqlarda bərqərar olub. Bu nailiyyətlər qanunun aliliyini gücləndirir, insan hüquqlarının qorunmasını təmin edir, Konstitusiyanın sabitliyik və təhlükəsizliyin təminatı kimi əhəmiyyətini vurğulayır. A.Cəfərov xatırladıb ki, Azərbaycanda müasir məhkəmə-hüquq sisteminin formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyası ilə dövlət-hüquq sisteminə gətirilən əsas yeniliklərdən biri demokratik hüquqi dövlətin təməl daşlarından biri sayılan müstəqil məhkəmə hakimiyyətinin yaradılması idi. Əsas Qanun qəbul edildikdən sonra müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmin edilməsinə yönəlmiş qanunvericilik bazası yaradılıb və hər kəsin hüquq və azadlıqlarının daha səmərəli qorunması üçün üçmərhələli məhkəmə sistemi formalaşdırılıb. Ulu Öndərin təsisçisi olduğu Konstitusiya Məhkəməsinin hüquqi məsələlərin həllində cəmiyyətin hüquq sisteminə inamının möhkəmləndirilməsi istiqamətində mühüm missiyanı yerinə yetirdiyini vurğulayıb”.
Daha sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunan videoçarx nümayiş olunub.





