Şentürk Hoşgül: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə bütün türk dünyasının zəfəridir
BAYRAQDAR MEDİA – 8 Noyabr-Zəfər Günü qardaş Türkiyənin Manisa şəhərində də böyük coşqu ilə qeyd olunub. Bu barədə BAYRAQDAR MEDİA-ya Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyindən məlumat verilib.

Məlumata görə, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi Gənclər Təşkilatının Türkiyə üzrə Nümayəndəliyi və Manisa Azərbaycanlı Tələbələr Cəmiyyətinin birgə təşkilatçılığı ilə Yunusemre Bələdiyyəsinin İrfan Məclisində reallaşan mərasim qardaşlıq və həmrəylik mesajları ilə zəngin olub.

Məlumatda deyilir ki, “teatr sənətçisi və Azərbaycan mədəniyyət elçisi Roza İbadova Kocamazın aparıcılıq etdiyi bayram tədbiri panel iclası və bədii hissədən ibarət olub. Qonaqlar arasında TADEF-in (Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu) genel başqan yardımçısı Eşref Tuna, İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay, Manisa Celal Bayar Universitetinin rektor müşaviri Mehmet Ali Yüksel, çoxsaylı QHT təmsilçiləri, alimlər, siyasətçilər və tələbələr yer alıb”.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və iki qardaş ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan proqramda açılış çıxışını Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Şəntürk Hoşgül edib. O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığından, tarixi Zəfərin verdiyi qürur hissi və duyğularından söz açıb, belə tədbirlərin silsilə olaraq keçirildiyini qeyd edib. Ş.Hoşgül deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbə bütün türk dünyasının zəfəridir.
Sonra söz tədbirin əsas məruzəçisi professor Ülviyə Aydına verilib. Ü.Aydın Zəfərə aparan yolla bağlı geniş məruzə edib.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Şərafət Şəfa çıxışında tədbir iştirakçılarına təskilat rəhbərliyinin salamlarını yetirib, Zəfərlə bağlı fikirlərini bölüşüb.
Tədbirdə, həmçinin Karsin sabiq bələdiyyə başqanı Murtaza Karaçanta, İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay və digər qonaqlar da çıxış edib. Natiqlər 44 Günlük Vətən müharibəsindən, 30 il işğalda qalan torpaqların düşmən tapdağından azad olunmasından, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımından, Azərbaycan oğullarının şücaətindən danışıb, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyiblər.

Sonra tədbir bədii hissə ilə davam edib. Tədbirin bədii hissəsində gənclər Azərbaycan və Türk mahnılarını ifa edib, dombra və tarla, şeirlərlə, rəqslərlə proqrama rəng qatıblar.





