Press "Enter" to skip to content

Onur Beyhan: Zəfərin ululuğu dosta güvən, düşmənə göz dağıdır

Onur Beyhan: Zəfərin ululuğu dosta güvən, düşmənə göz dağıdır

“Bu gün rahatlıqla deyə bilərik ki, türk dünyasının düşüncə və inam ocağı Azərbaycan tamamı ilə azaddır”

BAYRAQDAR MEDİA – Bu sözləri BAYRAQDAR MEDİA-ya açıqlamasında Türk Strateji Düşünmə Mərkəzinin (TÜMER) başqanı Onur Beyhan deyib. O, bildirib ki, Azərbaycan tarix boyunca türk dünyasının düşüncə və inanc mərkəzi olub: “Ən dəyərli türk aydınları burada yetişib, ən dərin düşüncəli filosoflar burada doğulub, ən böyük elm və ürfan sahibləri məhz buradan bütün dünyaya işıq tutublar. Bunu anlayan imperialist qüvvələr Qarabağı işğal edərək bu elm və inam mərkəzinin işığını söndürməyə cəhd etmişdilər. Ancaq qəhrəman Azərbaycan xalqı bu itki ilə, bu işğal ilə barışmayaraq illərlə mübarizə apardı. Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Əli bəy Hüseynzadənin ölkəsi hər nə qədər mürəkkəb şəraitdə yaşasa belə, yorulmadı və o tarixi gen öz içindən Heydər Əliyev kimi bir dühanı yetişdirdi. Bu dahi şəxsiyyət Azərbaycanın müstəqilliyini təmin etdi, xalqı o çətin günlərdən çıxardı. Onun fikirlərinə, yoluna sadiq qalan Prezident İlham Əliyev isə Qarabağı və Şərqi Zəngəzuru əsarətdən xilas etdi. İlham Əliyevin qətiyyəti, milli mənəvi dəyərlərimizi, şanlı tariximizi əsas kimi qəbul etməsi, sistemli siyasət yürütməsi bizə bu günləri göstərdi”.

Onur Beyhan daha sonra qeyd edib ki, “bu yerdə təbii ki, zəfərin qazanılmasında xüsusi yeri olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı və şəfa diləmək istəyirəm. Artıq türklərin inam və düşüncə ocağı Azərbaycanın – Dədə Qorqudun məskəni, Koroğlunun yurdu, Nuhun gəmisinin çıxış yeri, Xızırın əsənlik tapdığı bu torpaqların öz ərazi bütövlüyünə qovuşması bizi çox sevindirir. Bugünlərdə qeyd etdiyimiz Zəfərin ululuğu dosta güvən, düşmənə göz dağıdır. Belə qutsal gündə Ulu öndər Heydər Əliyevi rəhmətlə yad edir, Müzəffər Ali Baş Komandan İlham Əliyevə işlərində uğurlar arzulayıram. Qarabağ Azərbaycandır, dost və qardaş Azərbaycanın müstəqilliyi isə əbədidir”.

Mission News Theme by Compete Themes.