BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə bu yaxınlarda Bişkekdə keçirilən II Respublika STEM Olimpiadasında Qırğızıstanın müxtəlif bölgələrindən gələn gənclər elm və texnologiya sahəsində bacarıqlarını nümayiş etdiriblər.
Bu barədə qurumun məlumatında qeyd edilib.
Məlumata görə, Qırğızıstanın Elm, Ali Təhsil və İnnovasiya Nazirliyinin İnnovasiya Mərkəzi, TİKA-nın yaratdığı Elm Bişkek Mərkəzi və Robooky Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiada ölkənin gənc alimlərini bir araya gətirib: “Açılış mərasimində Qırğız Respublikasının Elm, Ali Təhsil və İnnovasiya nazirinin müavini Aybek Çotonov, Türkiyə Respublikasının Bişkek səfirliyinin təhsil müşaviri Kürşad Dulkadir və TİKA Qırğızıstan koordinatoru Mehmet Bodur iştirak ediblər. Qırğızıstanın müxtəlif bölgələrindən gələn 50-dən çox komanda və təxminən 400 şagird, 7–17 yaş aralığında “Xətti izləmə”, “Futbol”, “Sumo”, “Qısa məsafədən start” və ənənəvi “Çuko Talamay” kimi kateqoriyalarda yarışıb. İştirakçılar, həmçinin “STEM layihələri” və “STEM sualları” bölmələrində də bilik və bacarıqlarını nümayiş etdiriblər”.





