Press "Enter" to skip to content

Üç bayraq, bir ruh, bir inam, bir gələcək

Əkbər Qoşalı

Əkbər Qoşalı: Zəfər Günü Azadlıq Meydanı həm tarixin təntənəsinə həm də birgə gələcəyə meydan oldu

BAYRAQDAR MEDİA – “Beş il öncə bu günlərdə, torpağımızın yaddaşına qurtuluş yazılmışdı. Həmin vaxt Şuşanın sərt qaya sinəsində səslənən “Qarabağ Azərbaycandır!” harayı beş il sonra Bakının Azadlıq meydanında, özü də üç qardaş dövlətin himni kimi ucaldı: Azərbaycan, Türkiyə və Pakistan – üç bayraq, bir ruh, bir inam, bir gələcək! Biri evyiyəsi – Qalib Azərbaycan, biri – NATO-nun əfsanəli və əvəzedilməz gücü Türkiyə, biri – nüvə gücünə malik tək İslam dövləti Pakistan! Sanki Azərbaycan bayrağının rəngləri böyümüş, genişlənmiş, qardaşlıq, güvənli dostluq dünyasına yayılmışdı”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

O, qeyd edib ki, “bayramlarımız qardaşlarımızın da bayramıdır, onların bayramları da bizimdir; kədərlərimiz də eləydi və kədəri bölüşüb azaldan qardaş-dostlar, dost-qardaşlar artıq sevinci bölüşüb çoxaldır. Çoxaldır ki digər qardaşlarımıza da işığı düşsün, düşən işığı böyüsün”.

Ə.Qoşalının sözlərinə görə, Zəfər Günü Azadlıq Meydanı həm tarixin təntənəsinə həm də birgə gələcəyə meydan oldu: “Bəli, burada artıq yalnız qələbənin keçmişi yox, sabit sülhün, ədalətli nizamın gələcəyi görünürdü. Prezident İlham Əliyev, Müzəffər AliBaş Komandan kimi, beş il öncə başladığı qurtuluş dastanını bu dəfə diplomatiya, quruculuq və birliyə söykənən yeni mərhələyə daşıdı. Onun nitqi hərb meydanının cəsarətindən sülh meydanının məsuliyyətinə möhtəşəm körpü saldı. Qardaş Türkiyənin Prezidenti Recep Tayyip Erdoğanın və qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin hərbi paradda iştirakı – Zəfər Gününün strateji anlamını daha da dərinləşdirdi”.

Müsahibimiz vurğulayıb ki, bu, sadəcə qardaşlıq nümayişi deyildi: “Əlbəttə, bu, Türk-İslam həmrəyliyinin yeni geosiyasi kodu kimi qəbulu haqq edir. Beş il içində Qarabağda həyata keçirilən bərpa, yenidənqurma, köç və inkişaf prosesləri göstərdi ki, Zəfər bir sonuc olmaqdan daha üstün – bir başlanğıcdır. Bax, bu başlanğıcda üç qardaş dövlətin sarsılmaz birliyi – tarixdəki mətnləri birləşdirən mənəvi imza dəyərindədir. Prezident Erdoğan və Baş nazir Şərifin Bakıda olması, əslində, bir bayrağın üç təcəssümü kimiydi: Türk mədəniyyətinin dərinliyi, İslam dünyasının mənəvi dayağı və çağdaş Azərbaycanın siyasi uzaqgörənliyi…”

Mission News Theme by Compete Themes.