Press "Enter" to skip to content

Kıbrıs türkü müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir

Qəbul zamanı

Bakıda KKTC-nin elanın 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirildi

BAYRAQDAR MEDİA – Noyabrın 15-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elanın 42-ci ildönümüdür. Noyabrın 13-də Bakıda bu münasibətlə rəsmi qəbul keçirildi.

KKTC-nin Bakıdakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Mustafa Kemal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirildi.

Ufuk Arca Turganer
Ufuk Arca Turganer

Tədbirdə çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer öncə Azərbaycan xalqına və dövlətinə Vətən müharibəsindəki tarixi Zəfərin 5-cü ildönümü münasibətilə təbrikini çatdırdı.
“Prezident İlham Əliyevin liderliyi ilə birlik olan Azərbaycan xalqının şanlı Qələbəsi bizim üçün böyük fəxr mənbəyidir” deyən diplomat əlavə etdi ki, iki qardaş ölkənin parlamentləri arasındakı dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox məhsuldar və səmərəli çalışırlar.

Çıxışında Güney Qafqazdakı son duruma da toxunan Ufuk Arca Turganer dedi: “Güney Qafqazın sülhün və sabitliyin hökm sürdüyü bir coğrafiyaya çevrilməsi üçün bütün tərəflərin hüquqlara və qanunlara hörmət göstərməsi vacibdir. Böyük türk millətinin ayrılmaz hissəsi olan Kıbrıs türkü olaraq, dövlətimizin və Ana Vətənimiz Türkiyənin dəstəyi ilə daha da güclənməyə, əzmlə və qərarlılıqla irəliləməyə davam edirik. Ana Vətənimizin güclü siyasəti və iradəsi Şərqi Aralıq dənizində və yaşadığımız torpaqlarda qanuni haqlarımızın və maraqlarımızın ən böyük təminatıdır. Bu duyğularla biz Türkiyəyə, Türk Silahlı Qüvvələrinə və Kipr Türk Sülh Qüvvələri Komandanlığına etibar edirik”.

Cavanşir Feyziyev
Cavanşir Feyziyev

Mərasimdə çıxış edən Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bayram münasibətilə qardaş ölkəni təbrik etdi. Çıxışda qeyd edildi ki, Kıbrıs türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir: “KKTC türk dünyası tarixində birlik və azadlıq uğrunda mübarizənin önəmli simalarından biridir. Müstəqilliyin elan edilməsindən bəri KKTC siyasi və iqtisadi çətinliklərə baxmayaraq, qətiyyətlə dayanıb, qardaş Türkiyənin davamlı dəstəyi ilə inkişaf edib və regional sabitliyə töhfə verib”.

Tədbir zamanı
Tədbir zamanı

C.Feyziyev əlavə etdi ki, 2004-cü il referendumundan sonra KKTC bəzi Batı dövlətlərinin haqsız və ayrı-seçkilik siyasəti ilə üzləşməsinə baxmayaraq, türk dövlətləri ilə əməkdaşlığı gücləndirməyə davam edir: “2023-cü ildə Səmərqənd zirvə görüşündə KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması, 2024-cü il Şuşa zirvəsi və 2025-ci il Qəbələ zirvəsində iştirakı, eləcə də beynəlxalq tədbirlərdə bayrağın dalğalanması türk birliyinin və həmrəyliyinin bariz nümunəsidir”.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Mission News Theme by Compete Themes.