Press "Enter" to skip to content

Qarabağ Zəfəri göstərdi ki…

Prof.Dr. Abdullah Temizkan

Prof.Dr. Abdullah Temizkan: Türkü müharibə ilə sınağa çəkməyə çalışanlar qarşılarında polad iradə ilə duran bir milləti görəcəklər

BAYRAQDAR MEDİA – “Beşinci ildönümünü qeyd etdiyimiz Qarabağ Zəfəri, türk dünyasının gələcəyi baxımından mühüm geosiyasi dəyişikliklərə səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən Qarabağ Zəfəri bayram tədbirlərində Azərbaycan, Türkiyə və Pakistan əsgərlərinin eyni meydanda addımlaması son dərəcə mühüm mesajlar daşıyırdı”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru Prof.Dr. Abdullah Temizkan deyib.

Onun sözlərinə görə, bu Zəfər Azərbaycan üçün təkcə 30 il işğal altında qalmış vətən torpaqlarının azad olunması demək deyildi: “Bu, eyni zamanda türk hərbi ittifaqının Şuşa Bəyannaməsi ilə möhkəmlənərək bütün Türküstanı eyni iradə və qətiyyətlə müdafiə edə biləcəyini dünyaya nümayiş etdirdi. Qarabağ Zəfəri göstərdi ki, sülh və sabitliyə aparan yol türk dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətlərindən keçir. Türkü müharibə ilə sınağa çəkməyə çalışanlar isə qarşılarında polad iradə ilə duran bir milləti görəcəklər”.

Müsahibimiz vurğulayıb ki, bu qələbədən sonra, əvvəllər bir qədər məsafəli mövqe tutan müstəqil türk respublikaları da özünəinamlarını bərpa edərək bir-birinə daha sıx bağlandılar: “Bu respublikalar taleyin və məqsədlərin birliyini nümayiş etdirdilər və bunun nəticəsində dünya miqyasında geosiyasi hesabların yenidən aparılmasına səbəb oldular. Zəfərin beşinci ilində artıq böyük güclərin türk dünyası ilə anlaşmaq və əməkdaşlıq qurmaq uğrunda rəqabət apardığı yeni bir dövrə qapı açılmışdır. Qarabağ Zəfəri türk respublikalarının bu qətiyyətli mövqeyi üçün ən möhkəm təməli yaratmışdır. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ! Yaşasın Türk Birliyi!”

Mission News Theme by Compete Themes.