Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Qarabağ şikəstəsinin ilk hissəsində yer alan bayatı hər zaman diqqətimi çəkib. Bayatıda deyilir:
Əzizinəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Bu bayatının hekayəsində onu Xanın qızının Qarabağa olan həsrətindən söylədiyi bildirilir. Lakin mən bu hekayəni inandırıcı saymıram. Bu iş bu qədər sadə ola bilməz. Buna görə araşdırmağa başladım.
Mövzu ilə bağlı rast gəldiyim bir məqalədə bayatının, əslində xalqı oyatmaq üçün söyləndiyi qeyd olunurdu. Yazıda deyilirdi ki, Qarabağın işğalı və burada rus-erməni məqsədlərindən xəbərdar olan aydınlarımız xalqı xəbərdar etmək üçün bu bayatını yaratmışdılar. Bayatıda söylənən Şəki və Şirvan sözləri isə həmin dövrün Şəki və Şirvan xanlıqlarına və onların işğalına işarədir. Yəni aydınlarımız baş verəcək hadisələri 200 il əvvəldən sezmişdilər. Ədəbiyyatımızda Qarabağ mövzusunun bu qədər zəngin olmasının səbəbi də məhz budur.
Bu gün tam inamla deyə bilərik ki, aydınlarımız məqsədlərinə çatmış, Qarabağ məsələsini xalqımızın şüuruna ilmə-ilmə yerləşdirmişlər. Onun nəticəsi olaraq Azərbaycan xalqı 200 illik böyük imperiya planlarını darmadağın edib Qarabağı 44 gün ərzində azadlığına qovuşdurdu. Bu prosesdə təkcə Rusiyaya qarşı deyil, eyni zamanda Qərb imperiya dairələrinə qarşı da mübarizə aparıldı. Bir neçə gün əvvəl İctimai Televiziyada Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun müsahibəsi də bunu təsdiqləyir. Azərbaycan həqiqətən dünyada çox az millətə nəsib olan böyük bir qələbə qazandı. Bu tarixi də böyük bir bayram kimi qeyd etməyə tam haqqı var. Çünki bayram anlayışı böyük zəhmətin və qurbanın nəticəsində yaranır.
Lakin bütün bunlara baxmayaraq özlərini millətdən üstün sayan az sayda insanlar xalqın böyük fədakarlıqla qazandığı bu qələbəni gözdən salmağa çalışırlar.
Sosial şəbəkələrdə bayramı özünəməxsus sevinc və qürurla qeyd edən gəncləri bəziləri təhqiramiz ifadələrlə “yüngüllük”də günahlandırırlar. Eyni şəkildə dünənə qədər toyda qol-qanad açıb oynayanlar bu günü bayram etməyin şəhidlərə hörmətsizlik olduğunu iddia edirlər. İndiyə qədər bir dəfə də olsun şəhid ailəsinin qapısını döyməyənlər bu gün “şəhid ailələrini düşünürük” deyəndə, bu söz onların boğazından aşağı keçmir.
Rusun 9 may qələbə gününü illərlə toy-bayramla qeyd edib bunu etməyənləri qınayanlar öz haqq zəfərimizə kölgə salmağa çalışırlar.
Axı niyə?
Tarix boyu çox acılar yaşadıq. 20 Yanvar oldu — matəm saxladıq (və saxlamalıyıq). Xocalı soyqırımını yaşadıq — ağladıq (və ağlamalıyıq). Bəs bu xalq nə vaxta qədər yalnız ağlamalıdır?
Qan verərək, can verərək qazandığımız zəfəri də bayram etməyək, bəs nə edək?
Şəhidlərimiz və qazilərimiz torpaqlarımız geri alınsın, bu xalq artıq ağlamasın, bayram etsin deyə can verdilər. Qələbə Günü artıq ağrının bitdiyi, zəfərin başladığı gündür. Bunu bayram etməyəcək, bəs nə edəcəyik?
Sovetlərin, hətta 9 maydan sonra belə rusun simasında gördüyümüz qan, işğal və zülmə baxmayaraq onun bayramını qeyd edənlər, öz xalqının zəfər bayramına hörmətsizlik edirlər. Etməyin, eləməyin. Bu millətin yaxasından düşün. Yazığınız gəlsin.
Bu yazı ilə bir daha Azərbaycan xalqının şanlı zəfərini təbrik edirik.
Bayramımız mübarək olsun.





