Press "Enter" to skip to content

Azərbaycanın bu platformadakı mövqeyi təsadüfi deyil

Əkbər Qoşalı

Əkbər Qoşalı: Daşkənddəki Məşvərət Görüşü Azərbaycanın güclənən nüfuzunun, Zəfərlə qurulan bölgəsəl liderliyinin və türk dünyasının qlobal məkanda öz sözünü demək əzminin parlaq bir göstəricisidir

BAYRAQDAR MEDİA – “Noyabrın 16-da Daşkənddə keçirilən “Orta Asiya+Azərbaycan” formatlı 7-ci Məşvərət Görüşü bir bölgəsəl işbirliyi müstəvisi olmaqla yanaşı, yeni geosiyasi arxitekturanın formalaşdığı dönəmin önəmli mərhələsidir. Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı Azərbaycanın həm siyasi gücünün, həm də tarixi-mədəni coğrafiyadakı strateji çəkisinin davamlı artdığını bir daha təsdiqlədi. Budur, Azərbaycana Orta Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusu verildi”.

Bunu sözügedən tədbir barədə BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirmə edən Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı deyib.

Qafqazla Orta Asiya arasındakı strateji xətdə Bakının çəkisi artıb

Onun sözlərinə görə, Azərbaycanın bu platformdakı mövqeyi təsadüfi deyil: “Bu iştirak həm də, yaxud çox önəmli dərəcədə II Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərin yaratdığı parlaq geosiyasi gərçəklikdən qaynaqlanır. Zəfərdən sonra bölgədə güc dəngəsi dəyişib, Qafqazla Orta Asiya arasındakı strateji xətdə Bakının çəkisi artıb, Türk dünyasının Avropa qapısı kimi Azərbaycan özünəxas mərkəzi rol alıb. Liderlərin çıxışındakı Zəngəzur dəhlizi vurğusu, əlbəttə, təsadüfi deyildi. Böyük güclərin – Çin, Rusiya, ABŞ, Avropa Birliyi, o cümlədən Fransa və Almaniyanın Orta Asiyanı diqqət mərkəzinə çevirməsi fonunda bu məkan artıq qlobal rəqabət zolağıdır. Elə bu səbəbdən, Orta Asiyanın əsil yiyələri olan türksoylu qardaş və İslam dini mənsublu dost ölkələrinin bir masa arxasında toplaşaraq öz strateji iradəsini ortaya qoyması geosiyasi yetkinliyin ifadəsidir”.

Ə.Qoşalı qeyd edib ki, Azərbaycanla işbirliyinin yalnız siyasət olmadığını, həm də yaddaşın və kimliyin birliyini göstərdiyini hamımız bilirik: “Bu fonda Azərbaycanla işbirliyi iqtisadi və siyasi çıxarlardan üstün, qardaşlığın, dostluğun, tarixi yaddaşın, eyni mənəvi dəyərləri bölüşməyin və kimlik birliyinin təbii davamıdır. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan üçün Azərbaycan artıq Qafqaza çıxış, Xəzərdən Avropaya açılan qapı, Türk Dövlətləri Təşkilatının strateji dayağıdır”.

Azərbaycanın Zəfərdən sonrakı yüksəlişi Orta Asiyada rəğbətlə eyni vaxtda, həmçinin güvənlə qarşılanır

Müsahibimiz vurğulayıb ki, Azərbaycanın Zəfərdən sonrakı yüksəlişi Orta Asiyada rəğbətlə eyni vaxtda, həmçinin güvənlə qarşılanır: “Çünki Bakı bu gün sabitlik, enerji təhlükəsizliyi, daşımaçılıq-logistik şəbəkələri və siyasi rəyin formalaşması baxımından önəmli rol oynayır. Daşkənd Görüşü göstərdi ki, Orta Asiya və Azərbaycan artıq bölgəsəllikdən daha üstün, Avrasiya miqyasında yeni güc mərkəzi formalaşdırır. Orta dəhliz, enerji koridorları, rəqəmsal işbirliyi, müdafiə və təhlükəsizlik sahəsində yaxınlaşma – bunların hər biri sabahın “Türk Yolu”nun konturlarını müəyyənləşdirir. Özü də, Orta Asiya liderləri ABŞ-dan yenicə dönüb və məhz ABŞ Prezidentinin şahidliyi ilə avqustda Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əsaslı irəliləyiş olub”.

Azərbaycan bu prosesin mərkəzindədir

“Bəli, Orta Asiya üzrə keçirilən Məşvərət Görüşlərində Azərbaycanın fəal, artıq tamhüquqlu iştirakı həm də tarixi missiya daşıyır:
-Türk dünyasının möhkəm dayağı, Ümumtürk çadırının orta dirəyi;
-Türküstan üçün Qafqaz qapısı;
-Avrasiya üçün enerji və daşımaçılıqda altun körpü,
-Yeni geosiyasi müstəvinin intellektual mərkəzi…” deyən Ə.Qoşalı əlavə edib ki, beləliklə, Daşkənddəki Məşvərət Görüşü Azərbaycanın güclənən nüfuzunun, Zəfərlə qurulan bölgəsəl liderliyinin və Türk dünyasının qlobal məkanda öz sözünü demək əzminin parlaq bir göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycan bu prosesin mərkəzindədir-həm bir dövlət olaraq, həm də bir ruhun, bir tarixin və bir gələcəyin daşıyıcısı kimi.

Mission News Theme by Compete Themes.