Qasım-Jomart Toqayev: Orta Asiya hazırda genişmiqyaslı transformasiya dövründən keçir
BAYRAQDAR MEDİA– “Orta Asiya hazırda genişmiqyaslı transformasiya dövründən keçir. Tam əminliklə demək olar ki, qapalı sərhədlər və təcridolma dövrü artıq arxada qalıb”.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında deyib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, dövlət başçılarının Məşvərət Görüşləri öz effektivliyini sübut edib: “Birgə səylərlə əldə olunan regionun daxili həmrəyliyi ölkələrimiz üçün geniş inkişaf üfüqləri və beynəlxalq əməkdaşlıq imkanları açır. Regionun qlobal proseslərdəki mühüm rolu dünyanın aparıcı dövlətləri tərəfindən qəbul olunur. Bu fon qarşısında “Orta Asiya plus” formatına maraq da artır. Cari il bu baxımdan xüsusilə əlamətdardır – əsas xarici tərəfdaşlarla keçirilmiş sammitləri nəzərə alsaq, bunu açıq şəkildə görmək mümkündür”.
Qasım-Jomart Toqayevin fikrincə, belə bir tərəfdaşlığın əsas vəzifələri regionda sabitliyin möhkəmləndirilməsi, dayanıqlı tərəqqi üçün şəraitin yaradılması, ölkələrin və xalqların rifahının təmin edilməsindən ibarətdir: “Məqsədimiz Orta Asiyanın dinamik sosial-iqtisadi inkişaf, çoxşaxəli əməkdaşlıq, sülh və rifah regionu kimi statusunu daha da gücləndirməkdir,”.





