BAYRAQDAR MEDİA – Paytaxt məktəblərində “Uşaqların internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, Elm və Təhsil Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində məktəblilərin rəqəmsal savadlılığının artırılması məqsədilə təşkil olunmuş maarifləndirici tədbirlər 286, 64 nömrəli tam orta məktəblərdə və Bakı Slavyan Universitetinin nəzdindəki məktəb-lisey kompleksində olub: “Tədbirlərdə ümumilikdə 700-ə yaxın şagird iştirak edib. 6-8-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən görüşlərdə uşaqlara internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, zərərli informasiyadan qorunma üsulları, sosial platformalarda davranış mədəniyyəti və texnologiyalardan səmərəli istifadə vərdişləri, kibertəhlükələrə qarşı müdafiə üsulları barədə geniş məlumat verilib. Maarifləndirici tədbirlər zamanı videoçarxlar nümayiş etdirilib, maarifləndirici çap vəsaitləri paylanılıb”.
Sonda şagirdlərin sualları cavablandırılıb, mövzu ətrafında interaktiv müzakirələr aparılıb.





