Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Dünən axşam Türkiyədən olan dostum mənə TRT-də yayımlanan, Fateh Sultan Mehmet Xandan bəhs edən serialın 59-cu bölümünün fraqmentini göndərdi. Fraqmentdə Fateh Sultan Mehmet Xanın Trabzonu fəth etmək istəyərkən çəkdiyi əziyyətlərdən danışılır və Fatehin adından təsirli sözlər səsləndirilirdi. O sözlərdən ən çox təsir edən isə bunlar oldu: “Sıldırım dağlarda, çətin yollarda; yağışlar, fırtınalarda qoyduq səsimizi. Əsrlər sonra övladlarımız din və dövlət, mülk və millət uğrunda nələr çəkdiyimizi eşitsin deyə. O gün qızıl almamızı üfüqlərdə gördük. O gün biz bu yolda yeridik, sabaha da əmanət buraxdıq. İşığı əsrlər sonra övladlarımızı aydınlatsın deyə…”
Tariximizdəki hadisələri bəzən sadəcə bir tarixi gün kimi görüb keçir, çox vaxt cəmi bir-iki cümlə ilə xatırlayıb yolumuza davam edirik. Amma bunu edərkən həmin gün hansı əzabların, hansı fədakarlıqların, hansı qurbanların bahasına baş verdiyini düşünmürük. Bu, bəzən 30 il, bəzən isə 300 il əvvəlki bir hadisə olur.
Bu gün 37-ci ildönümünü andığımız və çox vaxt sadəcə bir cümlə ilə keçişdirdiyimiz 17 Noyabr – Milli Dirçəliş Günüdür. O gün millətimiz – bir çoxumuzun atası, anası, dayısı, əmisi, xalası, bibisi, nənəsi və ya babası “boynumuza rus xaltası keçməsin, haqqımız tapdalanmasın, torpaqlarımız bizdən qoparılmasın” deyə sovet imperiyasına qarşı hər şeyi gözə alaraq ayağa qalxdı. Əgər onlar o gün ayağa qalxmasaydılar, bəlkə də bu gün biz də Rusiyanın bir federasiyası subyekti və ya ən yaxşı halda Belarusun bir tayı olacaqdıq. Amma atalarımız və babalarımız bu boyunduruğu qəbul etmədi və işğalçılara qarşı mübarizə yolunu seçdi. O mübarizə yolu isə bizə müstəqillik qapısını açan ilk addım oldu.
Bəs 17 Noyabrda nə baş verdi?
1980-ci illərin sonuna doğru Sovetlər Birliyi dağılma mərhələsinə daxil olarkən, bundan istifadə edən ermənilər bölgədə qarışıqlıq yaratmağa çalışdılar. İlk olaraq, bugünkü Ermənistan ərazisində yaşayan 200 min Azərbaycan türkü öz dədə-baba yurdlarından qovulmağa başladı. Ermənilər təkcə azərbaycanlıları qovmaqla kifayətlənmir, getməyənlərin canına və malına qəsd edirdilər. Eyni vəhşiliklər Azərbaycan torpağı olan Qarabağda da törədilməyə başladı. Ermənilərin Qarabağı Azərbaycandan ayırmaq fəaliyyətləri artıq açıq şəkildə görünürdü. Onlar təkcə insanları deyil, tarixi Topxana meşəsini məhv etməklə bölgənin ekosistemini və türk izlərini silməyə çalışırdılar.
Sovet rejiminin bu fəaliyyətlərə göz yumması, hətta bir çox hallarda ermənilərin tərəfini tutması səbir kasasını doldurdu. 1988-ci ilin əvvəllərindən etibarən küçələrə çıxan Azərbaycan türkləri haqlarını tələb edir, erməni vandalizminə son qoyulmasını istəyirdilər. Lakin dediyimiz kimi, Sovetlər bu məsələdə üç meymunu oynayır, gizli-açıq şəkildə ermənilərə dəstək verirdilər. Azərbaycandakı sovet məmurları da bu xəttin davamçıları idi.
Vəziyyət ağırlaşdıqca Əbülfəz Elçibəy və Azərbaycan ziyalıları meydanlara axışan xalqı bir amal ətrafında birləşdirməyi bacardı. Artıq xalq öz lideri kimi gördüyü Elçibəyin arxasında cəmləşmişdi. Elçibəy 17 noyabr 1988-ci ildə insanları Bakıdakı Azadlıq Meydanına (o dövrkü adı ilə, Lenin Meydanına) çağırdı. Çağırışa cavab olaraq milyonlarla insan meydana toplandı.
Meydana toplaşanların əsas tələbləri bunlar idi:
1.Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
2.Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
3.Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
4.Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik.
5.Burada oturub gecələmək şərti ilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.
Bu tamamilə məqbul və məntiqli tələblər sovet rəhbərliyi tərəfindən zorakılıqla cavablandırıldı. Bunun ardınca əvvəl sovet bayrağı altında olan izdihamın içində 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin üçrəngli bayraqları görünməyə başladı.
Xalq sovetlərin əsl niyyətini dərk edirdi.
Ən sonda, Dekabr ayının 4-dən 5-nə keçən gecə sovet qoşunları meydanı güc tətbiq edərək dağıtdı. Lakin bu, Azərbaycanın sonu yox, əksinə müstəqilliyə aparan şanlı yolun başlanğıcı oldu.
17 noyabr mitinqi o qədər təsirli idi ki, dünyaca məşhur “Newsweek” jurnalı 25 dekabr 1989-cu ildə öz üz qabığında həmin mitinqin fotosunu dərc edərək “Azadlıq uğrunda ayağa qalxan ilin insanları” başlığını yazdı. Lakin jurnalda Polşa, Macarıstan, Almaniya, Baltikyanı ölkələr və hətta Çin haqqında yazılar olsa da, Azərbaycan haqqında bir kəlmə belə qeyd edilməmişdi. Bu da Qərbin hadisələrə yanaşmasını göstərirdi.
Yuxarıda qeyd etdiyim kimi, 17 Noyabr mitinqi sonrakı mitinqlərə də ilham verdi və Azərbaycanı müstəqilliyə aparan yolda dönüş nöqtəsi oldu. Məhz buna görə 1992-ci ildən etibarən 17 Noyabr Azərbaycanda “Milli Dirçəliş Günü” kimi qeyd olunur.
Ulu Öndər Mustafa Kamal Atatürkün dediyi kimi: “Yatan millətlər ya ölər, ya da kölə olaraq oyanar”.
Allaha şükür ki, Azərbaycan türkləri 17 noyabr 1988-ci ildə oyanan millət olduğunu sübut etdi. Bizim vəzifəmiz isə bu tarixi yaddaşı gələcək nəsillərə çatdırmaqdır. Çünki tarix unudanları bağışlamır.





