Press "Enter" to skip to content

Təbiətin gizlətdiyi cənnət

Ihlara Vadisi

BAYRAQDAR MEDİA –Aksarayın Güzelyurt rayonunun sərhədləri daxilində yerləşən Ihlara Vadisi yalnız Türkiyənin deyil, dünyanın ən diqqətçəkici kanyonlarından biri kimi tanınır. Lakin onu digərlərindən fərqləndirən çox özəl bir xüsusiyyət var: içində insanların yaşadığı dünyanın ən böyük kanyonu olması. Minlərlə il boyunca müxtəlif sivilizasiyalara ev sahibliyi edən bu möhtəşəm təbii möcüzə bu gün də sirrini qorumaqdadır.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumata görə, təxminən 18 kilometr uzunluğa, orta hesabla 150 metr dərinliyə və 200 metr enə malik olan vadi Melendiz Çayının minilliklər boyu apardığı aşınma nəticəsində formalaşıb: “Hasandağının vulkan püskürmələri və tektonik hərəkətlərdən sonra çökmüş bölgədə Melendizin yaratdığı kəskin yarıqlar bu gün ziyarətçiləri valeh edən möhtəşəm bir mənzərəyə çevrilib. Vadi boyunca axan Melendiz Çayı 30-dan çox menderes yaradır. Ilısu ilə Selime arası quş uçumu yalnız 10 kilometr olsa da, çayın əyri-büğrü axını bu məsafəni 18 kilometrə çatdırır. Hər döngədə fərqli bir hekayə və fərqli bir təbiət gözəlliyi gizlidir”.

Məlumatda deyilir ki, vadinin ən maraqlı cəhətlərindən biri isə öz iqlimini yaratmasıdır: “Ətrafı bozkır görünüşündə olsa da, vadinin dərinliklərində Aralıq dənizi iqliminə yaxın tamamilə fərqli bir hava hökm sürür. Su kənarındakı bağlar, bağçalar və zəngin bitki örtüyü ziyarətçiyə sanki gizlənmiş bir cənnətə daxil olduğu hissini verir. Bu mikroiqlim sayəsində vadidə Antep fıstığından tutmuş müxtəlif meyvələrə qədər bir çox bitki yetişir”.

Qeyd edilir ki, Ihlara Vadisi yalnız təbii gözəllikləri ilə deyil, freskli qayakilsələri ilə də dünya tarixində nadir bir mövqeyə sahibdir: “Miladi IV əsrdən etibarən xristian icmalarının məskunlaşdığı bu vadidə asan yonulan qayalar sayəsində yüzlərlə kilsə və yaşayış məskəni yaradılıb. Ihlara bölməsindəki kilsələr “Kapadokya tipi” xüsusiyyət daşıyır: Eğritaş, Ağaçaltı, Kokar, Pürenliseki və Yılanlı kilsələri ən məşhurlarıdır. Belisırma bölməsində isə “Bizans tipi” fresk sənətinin möhtəşəm nümunələri ziyarətçiləri qarşılayır. Uzunluğu 14 kilometr olan bu müqəddəs sahə tarix və təbiətin iç-içə olduğu nadir məkanlardan biridir”.

Məlumata əsasən, yuxarıdan baxıldıqda adi bir bozkırın parçası kimi görünən Ihlara Vadisi, içinə daxil olduğunuz anda tamamilə başqa bir dünyaya açılır: “Bir tərəfdə minillik fresklər, o biri tərəfdə şırıltı ilə axan Melendiz; yuxarıda quru torpaq, aşağıda yaşıl həyat…Təbiət gözəlliyini gizlətməyi sevir, lakin maraqlananlar üçün Ihlara Vadisi bütün sirlərini açmağa hazırdır”.

Mission News Theme by Compete Themes.