BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) Cənubi Afrikanın ali təhsil və təlim nazirinin müavini xanım Nomusa Dube-Ncubenin başçılıq etdiyi nümayəndə heyəti ilə rəsmi görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüş Heydər Əliyev lektoriyasında Universitetin professor-müəllim heyətinin iştirakı ilə təşkil olunub. BDU rektoru Elçin Babayev çıxış edərək Azərbaycan ilə Cənubi Afrika arasında elmi-təhsil əməkdaşlığının perspektivlərinə diqqət çəkib. Rektor qeyd edib ki, Universitet beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə xüsusi önəm verir. Afrika ölkələri, o cümlədən Cənubi Afrika ilə əməkdaşlıq BDU üçün mühüm əhəmiyyət kəsb edir. Nümayəndə heyətinin rəhbəri xanım N.D.Ncube çıxışında BDU-da olmaqdan məmnunluğunu ifadə edib. O, Cənubi Afrikada aparılan ali təhsil islahatları, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və peşə təhsili sahəsində qabaqcıl təcrübələr barədə məlumat verib. Nazir müavini universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin təşviqi, elmi-tədqiqat təşəbbüslərinin inkişafı üçün mövcud imkanları vurğulayıb”.
Sonra xəbərdə deyilir ki, “görüş çərçivəsində birgə magistr və doktorantura proqramları, rəqəmsal təhsil imkanları, innovativ layihələr və akademik əməkdaşlıq sahələri müzakirə olunub. Daha sonra nümayəndə heyəti Afrika ölkələrindən olan təhsilalanlarla görüşərək onların təhsil təcrübələrini və gələcək akademik planlarını dinləyib. Qonaqlar BDU-nun multikultural mühiti və tələbələrin yüksək akademik hazırlığını yüksək qiymətləndiriblər. Səfər BDU-nun tədris binaları, muzey və laboratoriyaları ilə tanışlıqla davam edib. Qonaqlara Universitetin elmi infrastrukturu, innovativ layihələri və müasir tədris məkanları barədə ətraflı məlumat verilib”.
Bu görüş Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq strategiyasının və akademik mübadilənin genişləndirilməsi istiqamətində mühüm addım olaraq qiymətləndirilir.





