Press "Enter" to skip to content

Daha bir layihənin icrasına başlanılıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində Azərbaycanda bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin icrasına başlayıb. Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, tədbir çərçivəsində“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi ilə bağlı “Azərbaycanda prioritet sahələr üzrə bacarıqların inkişafına dair strateji baxış” mövzusunda müzakirə sessiyası keçirilib: “DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyi vurğulayıb. Sürətlə dəyişən qlobal iqtisadi mühitdə əmək bazarının tələblərinə uyğun insan kapitalının formalaşdırılmasının dayanıqlı inkişafın əsas şərtlərindən olduğu qeyd edilib”.

Çıxışda Azərbaycanın həyata keçirdiyi iqtisadi diversifikasiya siyasətinin innovativ və yeni bacarıqlara malik kadr potensialına tələbatı daha da artırdığı diqqətə çatdırılıb. “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinin əmək bazarındakı mövcud boşluqların aradan qaldırılması, gənclərin peşə hazırlığının gücləndirilməsi və işçi qüvvəsinin gələcəyin ixtisaslarına uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.

Məlumata əsasən, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə DİF-in Bacarıqlar Akseleratoru Şəbəkəsi ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru”nun yaradılmasını ölkədə bacarıqların yenilənməsi və artırılması prosesinə töhfə verən addım kimi dəyərləndirib. Natiq hər il Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər, gənclərin təhsilinə dəstək məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlət, sənaye və təhsil tərəfdaşlığı ilə insan kapitalına yönəlik birgə investisiyaların ölkəmizin uzunmüddətli iqtisadi dayanıqlığının əsas təminatçısı olduğunu bildirib. Ömürboyu təhsil yanaşması və “Azərbaycan Bacarıqlar Akseleratoru” kimi təşəbbüslərin bacarıqların təkmilləşdirilməsi və ölkənin texnologiyayönümlü inkişafı baxımından əhəmiyyət kəsb etdiyi qeyd edilib. “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımov vurğulayıb ki, iqtisadiyyatın rəqabətqabiliyyətini müəyyən edən əsas amillərdən biri sürətlə inkişaf edən rəqəmsal savadlı işçi qüvvəsinin formalaşdırılmasıdır. Xüsusilə, fintek, data analitikası, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrinə dair peşəkar bacarıqlara tələbat sürətlə artır.

Daha sonra yüksək səviyyəli sessiyada Azərbaycan üçün növbəti illərdə prioritet bacarıq istiqamətləri müzakirə olunub.

Sonda 4SİM-in Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu ilə birgə icra etdiyi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Coursera” onlayn təhsil platformasında təlimlərə qoşularaq fəallıq nümayiş etdirən iştirakçılara sertifikatlar təqdim olunub.

Mission News Theme by Compete Themes.