Press "Enter" to skip to content

Daşkənddə qəbul edilən tarixi qərar

Amangeldi Kurmet

Amangeldi Kurmet: Azərbaycanının Orta Asiya platformasına qoşulması həm mənəvi baxımdan əhəmiyyətli addımdır, həm də Türk Dövlətləri Təşkilatının fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verir

BAYRAQDAR MEDİA – “Orta Asiya ölkələri ilə Azərbaycan arasında bu gün münasibətlərdə həllini tapmamış məsələ qalmayıb. Tərəflər arasında etimad tam formalaşıb, əməkdaşlıq isə sürətlə institusional səviyyəyə yüksəlir. Daşkənddə keçirilən son görüş də bu tendensiyanı daha da gücləndirdi. Beləliklə, region ölkələrinin sırasına Azərbaycan rəsmi şəkildə qoşularaq Orta Asiya platformasında öz rolunu möhkəmləndirdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində şərhçi Amangeldi Kurmet deyib.

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin ABŞ səfərindən əvvəl “Azərbaycanı Orta Asiyanın bir hissəsi kimi tanımaq lazımdır” fikrini səsləndirməsi Bakının bu formatdakı iştirakının legitimliyini artırdı: “Daşkənddə qəbul edilən qərar isə Xəzərin hər iki sahilində yerləşən qardaş ölkələr arasında əməkdaşlıq mexanizmlərini daha da genişləndirir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində Azərbaycanın həlledici mövqeyi həm region liderlərinin, həm də böyük dövlətlərin diqqətindən yayınmır. Məhz bu səbəbdən Azərbaycanın Orta Asiya formatına qoşulması təkcə siyasi addım deyil, eyni zamanda ciddi iqtisadi və logistika yükü olan strateji qərardır. Bununla yanaşı, Azərbaycan xalqının Orta Asiya millətləri ilə tarixi, mədəni və mənəvi yaxınlığı da bu inteqrasiyanı təbii prosesə çevirir”.

Müsahibimiz deyib ki, Daşkənddəki sammit “Böyük Orta Asiya” modelinin konturlarını formalaşdırdı: “Bu, ötən əsrin 90-cı illərində Batı politoloqlarının, xüsusilə Zbiqnev Bjezinskinin irəli sürdüyü bədbin proqnozların aktuallığını itirdiyini göstərir. Onun “Avrasiyanın Balkanları” adlandırdığı doqquz ölkədən altısı – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan və Azərbaycan – bu gün qarşılıqlı anlaşma və təhlükəsizlik şəraitində əməkdaşlıq edir. Regionda münaqişə riskləri minimuma endirilir, sülh və sabitlik möhkəmlənir”.

Amangeldi Kurmet deyib ki, Azərbaycanın tarixi Zəfəri və Ermənistanla münasibətlərin normallaşdırılmasına yönələn addımları da Güney Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edir: “Bakı yaxşı anlayır ki, region təhlükəsizliyinin açarı elə bu bölgə dövlətlərinin öz əlindədir. Ermənistanın da bu reallığı qəbul etməyə başladığı müşahidə olunur. Orta Asiya üçün Güney Qafqaz, xüsusən də Azərbaycan, Orta Dəhlizin əsas qapısıdır. Bu amil yaxın illərdə tərəfdaşlığın daha da dərinləşəcəyini göstərir. Bununla belə, inteqrasiyanı təkcə iqtisadi və siyasi prizma ilə dəyərləndirmək olmaz. Xalqlar arasında əsrlər boyu davam edən tarixi və mədəni bağlar bu prosesin ideoloji dayağını formalaşdırır. Azərbaycanının Orta Asiya platformasına qoşulması həm mənəvi baxımdan əhəmiyyətli addımdır, həm də Türk Dövlətləri Təşkilatının fəaliyyətinin gücləndirilməsinə öz töhfəsini verir. Ona görə də bu konsul­tativ görüşlər formatını “sülh formulu” kimi də dəyərləndirmək olar”.

Mission News Theme by Compete Themes.