BAYRAQDAR MEDİA – Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli alim, Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesi əsasında səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tamaşanı izləyən ictimaiyyət nümayəndələri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Arzu Əliyeva və Alena Əliyeva da olub. Onlar əsərin müəllifini təbrik edərək tamaşa haqqında öz səmimi təəssüratlarını və xoş arzularını bildiriblər. Musiqili dramın bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur”.
Ardınca xəbərdə, “qeyd edək ki, “Gülçöhrə və Əsgər” ikihissəli tamaşası dahi bəstəkar Üzeyir Hacıbəylinin xoşbəxt sonluqla bitən “Arşın mal alan” operettasının davamıdır. Səhnə əsərində Gülçöhrə ilə Əsgərin məşəqqətli həyat hekayələri fonunda Azərbaycan Xalq Cümhuriyyəti dönəmində bolşeviklərin törətdiyi faciələr göstərilir. Səhnə əsərinin rejissoru Elməddin Dadaşov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Əliyeva, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Çimnaz Bağırovadır” deyə qeyd edilir.
Xəbərdə eləcə də deyilir ki, “tamaşanın ilk nümayişində əməkdar artistlər Əzizağa Əzizov, İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Prezident təqaüdçüsü Atilla Məmmədov, aktyorlar Nicat Əli, Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, İbrahim Əlizadə, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Məhəmməd Məmmədov, Nihad Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər”.
Xatırladaq ki, tamaşanın növbəti nümayişi 22 və 23 noyabrda saat 19:00-da olacaq.





