Bu məqsədlə “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yeni geniş “parking” sahəsi inşa olunur
BAYRAQDAR MEDİA – “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda turist sıxlığının tənzimlənməsi məqsədilə yeni geniş “parking” sahəsi inşa olunur.
Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.
Xatırladaq ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını geniş auditoriyaya təqdim etmək, həmçinin qoruqlarda turistlər üçün yaradılan şərait, həyata keçirilən layihələr və bərpa işləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Səfər çərçivəsində jurnalistlərə açıqlama verən M.Ağabəyli bildirib ki, Lahıca turist axınının çox olması səbəbindən əraziyə avtomobillərlə giriş məhdudlaşdırılıb: “Bu isə uzun müddətdir park etmə problemi yaradır. Buna görə də Lahıcda yeni, daha böyük ‘parking” sahəsinin yaradılması barədə qərar verilib. Hazırda bu istiqamətdə inşaat və bərpa işləri yekunlaşmaq üzrədir. Məqsəd turist nəqliyyatını qoruq ərazisindən kənarda saxlamaq və piyada hərəkətini rahatlaşdırmaqdır”.
İdarə Heyətinin sədri vurğulayıb ki, Basqalda pulsuz tətbiq olunan xüsusi parking modeli Lahıcda da tətbiq ediləcək.





