BAYRAQDAR MEDİA – İşsizlikdən sığorta fondu (İSF) müvafiq sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsində də önəmli rola malikdir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, 2025-ci ildə fondun gəlirlərinin bu ilə nisbətən 31,9 milyon manat (15,5 faiz) çox olmaqla 238,3 milyon manat olması nəzərdə tutulur: “İSF-nin xərclərinin isə cari illə müqayisədə 5,7 milyon manat (2,2 faiz) çox olmaqla 266,4milyon manat olacağı proqnozlaşdırılır. Bu xərclərin işsizliyə görə sığorta ödənişləri və həmçinin özünüməşğulluq proqramının icrası, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və əlavə təhsilin təşkili, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə standartlarının hazırlanması, sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, sosial müəssisələrin yaradılması, məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinə yönəldilməsi nəzərdə tutulur. Ümumilikdə İSF-nin vəsaiti hesabına 2026-cı ildə450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması işləri aparılacaq”.
Məlumatda deyilir ki, işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasının uğurla davam etdirilməsində İSF gələn il də mühüm dəstək olacaq: “Növbəti ildə 15 min ailə üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatların qurulması nəzərdə tutulur. Onlardan 8 mini üçün fondun vəsaiti hesabına, qalan 7 mini üçün Dünya Bankı layihəsi çərçivəsində təsərrüfatlar yaradılacaq”.





