Dr. Yücel Karauz: Orta Asiya ölkələri ilə Azərbaycanı bir araya gətirən bu format, türk dünyasının daha da dərin inteqrasiyasında mühüm rol oynayacaq
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət öz bəhrəsini bütün sahələrdə göstərir. Bu siyasətin nəticələri Orta Asiya ilə əlaqələrdə də aydın şəkildə özünü büruzə verir. Elə noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv qismində bu formata qoşulmasına dair qəbul edilən qərar da deyilənlərin novbəti əyani təzahürdür”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Qeyd olunub ki, bu qərar Azərbaycanın Orta Asiya ölkələri ilə əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də Azərbaycanın türk dünyasında etibarlı körpü rolunun daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Bundan əlavə, bu hadisə bir neçə gün əvvəl beşinci ildönümünü qeyd etdiyimiz Azərbaycanın tarixi Zəfərin yaratdığı yeni reallıqların növbəti təzahürüdür. Azərbaycan beş il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə etdiyi tarixi qələbə ilə təkcə torpaqlarını işğaldan azad etmədi. Bu Zəfərlə region və dünya üçün strateji önəm kəsb edən yeni bir geosiyasi düzən formalaşdırıldı. Bu gün regionun inkişafına çalışan bütün dövlətlər həmin reallığı qəbul edir və Azərbaycanın həyata keçirdiyi siyasəti dəstəkləyir, hətta bu siyasətin ayrılmaz hissəsinə çevrilirlər”.
Dr. Yücel Karauz bildirib ki, bu Zəfərdən sonra Azərbaycan nəinki Güney Qafqazın, ümumilikdə Qafqazın lider ölkəsinə çevrilib, həm də qlobal güc mərkəzlərinin regional siyasətində əsas fiqurlardan biri olub.
Bu, Azərbaycanın diplomatik fəallığının bariz göstəricisidir
Azərbaycan-Orta Asiya əlaqələrinin inkişaf istiqamətlərinə toxunan müsahibimiz bildirib ki, bu sahədə də Prezident İlham Əliyevin uzaqgörən, türk dünyasının gücünə güc qatan siyasətinin nəticələri aydın görünür: “Təkcə son 5 ildə Azərbaycanın dövlət başçısı Orta Asiya ölkələrinə 20-yə yaxın səfər edib. Bu, Azərbaycanın diplomatik fəallığının bariz göstəricisidir. Orta Asiya regionu təkcə Türk Dövlətləri Təşkilatına üzv ölkələri deyil, Tacikistanı da əhatə edir. Digər tərəfdən, nəzərə alaq ki, türk dünyasının inkişafı üçün əvvəlcə ikitərəfli, daha sonra isə çoxtərəfli əməkdaşlıq vacibdir və Azərbaycan bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq nümayiş etdirir. Azərbaycan bu gün Güney Qafqazı Orta Asiya ilə, Avropanı isə Asiya ilə birləşdirən əsas körpülərdən birinə çevrilib. Təsadüfi deyil ki, Daşkənddə keçirilən tədbirdə Orta Asiya dövlət başçıları da öz çıxışlarında bu məqamı xüsusi vurğulayıblar”.
Azərbaycanın və Türkiyənin birlikdə atdığı strateji addımlar bu inteqrasiyanın əsasını təşkil edir
Müsahibimiz əlavə edib ki, Orta Asiya ölkələri ilə Azərbaycanı bir araya gətirən bu format, türk dünyasının daha da dərin inteqrasiyasında mühüm rol oynayacaq : “Azərbaycanın və Türkiyənin birlikdə atdığı strateji addımlar bu inteqrasiyanın əsasını təşkil edir. Tarixi Zəfərdən sonra imzalanan Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə qardaşlığını strateji müttəfiqlik səviyyəsinə yüksəltdi və bu sənəd Türk Dövlətləri Təşkilatı üçün də bir nümunəyə çevrildi. Artıq bir çox ekspertlər digər türk dövlətlərinin də oxşar sənədlər imzalamasının vacibliyini vurğulayırlar. Azərbaycanın Orta Asiya dövlət başçılarının görüşünə tamhüquqlu üzv kimi qatılması və Azərbaycan-Türkiyə müttəfiqliyinin Şuşa Bəyannaməsi ilə təsdiqi göstərir ki, bu addım həm də Türkiyənin Azərbaycan vasitəsilə Orta Asiya ölkələri ilə əlaqələrini strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi deməkdir”.
Türkiyəli generalın sözlərinə görə, yaxın gələcəkdə Pakistanın da prosesdə daha fəal qoşulması ehtiamlı yüksəkdir: “Bu vəziyyət isə nüvəsini Türk Dövlətləri Təşkilatının təşkil etdiyi yeni bir geosiyasi blokun ortaya çıxması ehtimalı yüksəkdir”.
Dr.Y.Karauz hesab edir ki, Azərbaycanın həmin görüşdə iştirakı başqa bir məsələ baxımdan da mühüm əhəmiyyət kəsb edir: “Məsələn, Türkmənistan TDT-də müşahidəçi statusu ilə təmsil olunsa da, Orta Asiya dövlət başçılarının formatında daha aktiv çıxış edir. Azərbaycan kimi TDT-də fəal rol oynayan bir dövlətin bu formatda yer alması, zamanla Türkmənistanın da TDT-də daha aktiv olmasına və yaxın gələcəkdə tamhüquqlu üzv olmasına təkan verə bilər”.
Bu addım türk dünyasının, o cümlədən Orta Asiyanın və Pakistanın da daxil ola biləcəyi yeni bir geosiyasi blokun formalaşmasına yol açacaq
Baş verən proseslərin daha bir önəmini vurğulayan müsahibimiz qeyd edib ki, dünyada yeni bir qlobal düzən formalaşır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, dünya düzəni yenidən formalaşmaqdadır və bu düzəndə türk dünyası əsas söz sahiblərindən biri olmalı, bunun üçün ciddi işlər görülməlidir: “Bütün bunların fonunda Azərbaycanın Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə bu formatın tamhüquqlu üzv kimi qəbul olunması məhz bu strategiyanın davamı kimi qiymətləndirilməlidir. Bu addım türk dünyasının, Orta Asiyanın və Pakistanın da daxil ola biləcəyi yeni bir geosiyasi blokun formalaşmasına yol açacaq. Bu regionun malik olduğu strateji mövqe, enerji ehtiyatları və digər resurslar fonunda Türk Dövlətləri Təşkilatının gələcəkdə qlobal güc mərkəzlərindən birinə çevriləcəyi şübhə doğurmur. Nəticə olaraq, bu yeni güc mərkəzinin mövqeyi dünya siyasətində getdikcə daha da möhkəmlənəcək”.









