BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən məktəblərdə uşaq hüquqlarına həsr olunan tədbirlər keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Agentliyin əməkdaşları Sumqayıt şəhər 7 saylı tam orta məktəb, Zərdab rayonu Mikayıl Müşfiq adına Dəli Quşçu kənd tam orta məktəb, Şamaxı rayon Tehran Kərimov adına Göylər kənd 2 saylı tam orta məktəb və Qobustan şəhər Ağasəf Qayıblı adına 3 nömrəli tam orta məktəbində şagirdlərlə görüşüblər. Görüşlər zamanı SXA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Agentlik tərəfindən həyata keçirilən “Təhsildə sosial iş” xidmətinin məktəblərdə risk qruplarının aşkarlanması, şagirdlərin davamiyyətinin bərpası və onlara psixo-sosial dəstək göstərilməsi istiqamətlərində mühüm rol oynadığı qeyd edilib”.
Sonra xəbərdə, “eləcə də, uşaq hüquqları, mövcud müdafiə mexanizmləri, təhlükəsizliyin təminatı mövzularına dair maarifləndirici təqdimatlar edilib, uşaq hüquqlarının önəmini əks etdirən videoçarx nümayiş etdirilib. Sözügedən tədbirlərdə şagirdlərlə yanaşı, məktəblərin psixoloqları və müəllimləri də iştirak ediblər. Görüşlər interaktiv təşkil edilib, məktəblilərlə mövzu ətrafında maraqlı müzakirələr aparılıb” deyə bildirilir.





