Tennur Türk: 2025-ci il, Türkiyə əmlak bazarı üçün həm yeni imkanların, həm də bəzi qeyri-müəyyənliklərin bir arada mövcud olduğu dövr kimi yadda qalacaq
BAYRAQDAR MEDİA – “2025-ci il, Türkiyə əmlak bazarı üçün həm yeni imkanların, həm də bəzi qeyri-müəyyənliklərin bir arada mövcud olduğu dövr kimi yadda qalacaq. Ölkə iqtisadiyyatında inflyasiya yüksəkdir, faiz dərəcələri zaman-zaman dəyişir və valyuta bazarında dalğalanmalar davam edir. Bu səbəbdən bazarı düzgün təhlil etmək, xüsusilə də xaricdən investisiya etməyi düşünənlər üçün böyük əhəmiyyət daşıyır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl dəyərləndirməsində Bursada yaşayan investisya üzrə məsləhətçi Tennur Türk dedi.
O, qeyd etdi ki, 2025-ci ildə də mənzil qiymətləri yüksəlməkdə davam edib: “Böyük şəhərlərdə həm yeni layihələrdə, həm də ikinci əl mənzillərdə artım müşahidə olundu. Lakin inflyasiya yüksək olduğu üçün qiymətlərdəki artım həmişə real dəyər artımı demək deyil. Başqa sözlə, nominal artım var, amma alıcılıq gücü eyni sürətlə yüksəlmir. Tələb tərəfinə gəldikdə isə bazarda canlanma davam edir. Türkiyədə gənc əhalinin çox olması, zəlzələ təhlükəsizliyi axtarışı və inflyasiyaya qarşı vəsaitini qorumaq istəyən investorların marağı mənzilə tələbi yüksək saxlayır. Kredit faizlərinin düşdüyü dövrlərdə satışlar artır, yüksəldiyi zaman isə yavaşıyır”.
T.Türk bildirdi ki, xarici investorlar isə 2025-ci ildə daha ehtiyyatlı davranmağa başladılar: “Xüsusilə Rusiya, İran və Orta Doğudan gələn tələbat davam etsə də, Avropadan yatırımlar dalğalı şəkildə irəlilədi. Valyuta üstünlüyü hələ də cəlbedici olsa da, hüquqi tənzimləmələr və iqtisadi qeyri-müəyyənliklər xarici investorları ehtiyatlı olmağa vadar edir. Təklif tərəfində ən böyük problem tikinti xərclərinin artmasıdır. Dəmir, sement və işçi qüvvəsi qiymətləri yüksəldiyi üçün yeni layihələrin başlanması çətinləşir. Bu isə xüsusilə orta gəlir qrupuna uyğun mənzillərdə təklif çatışmazlığı yaradır”.
İlin başa çatmasına bir aydan bir az artıq vaxt qalsa da, mütəxəsssis Türkiyədə əmlak bazarına investisuya qoymaq üçün hələ də gec olmadığını bildirdi: “Sadəcə doğru yer və doğru zaman seçilməlidir. Qeyd edim ki, bu sahədə risklər arasında iqtisadi dalğalanmalar, hüquqi dəyişikliklər və kredit şərtləri öndə dayanır. Bununla yanaşı, böyük infrastruktur layihələrinin həyata keçirildiyi bölgələr, turizm şəhərləri, universitetlərə və sənaye zonalarına yaxın ərazilər hələ də güclü imkanlar təqdim edir”.
T.Türk əlavə etdi ki, əmlak bazarına investisiya qoymaq istəyənlər öncə ərazinin yerləşməsi seçimində xüsusi olaraq nəqliyyat və infrastruktur layihələrini nəzərə almalıdırlar: “Qısamüddətli mənfəət deyil, orta və uzunmüddətli strategiya müəyyənləşdirilməlidir. Nəzərə alın ki, kirayə gəlirliliyi yüksək olan bölgələr hələ də çox avantajlıdır. Nəhayət, xarici investorlar üçün valyuta üstünlüyü mühüm faktor olaraq qalır. Nəticə olaraq, 2025-ci ildə Türkiyə əmlak bazarı dalğalı olsa da, hələ də yüksək potensiala malik bir bazardır. Düzgün təhlil və doğru bölgə seçimi ilə daşınmaz əmlak investor üçün etibarlı sərvət olaraq qalır”.
Müsahibimizin sözlərinə görə, torpaq yatırımı isə orta və uzun müddətdə ənənəvi olaraq qazandırmağa davam edir: “Tez-tez dəyişən qanunvericilik səbəbilə Türkiyədə investisiya edərkən yerli məsləhətçi ilə işləmək daha sağlam və təhlükəsizdir. Təbii ki, sadalanan istiqamətdə addımlar atmaq istəyənlər bütün suallar və investisiya məsləhətləri üçün mənimlə əlaqə saxlaya bilərlər”.





