Press "Enter" to skip to content

Professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – TƏBİB-in dəstəyi ilə görkəmli alim və plastik–rekonstruktiv cərrah, elmə və təbabətə dəyərli töhfələr vermiş professor İbrahim Yıldırımın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə tanınmış elm xadimləri, tibb mütəxəssisləri, ictimaiyyət nümayəndələri və professorun tələbələri iştirak ediblər.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “mərasim iştirakçıları əvvəlcə onun həyat və elmi fəaliyyətini əks etdirən xatirə filmini izləyiblər”.

Daha sonra Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, professorun fəaliyyəti Azərbaycan və Türkiyə arasında tibb sahəsində əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib və bu əməkdaşlıq bu gün də uğurla davam edir:“Onun təşəbbüsləri, bilik mübadiləsinə yaratdığı imkanlar və tədris sahəsində dəstəyi iki qardaş ölkənin tibb ictimaiyyətini daha da yaxınlaşdırıb. Professorun irsi həkimlik peşəsinə sədaqətin və insanlara xidmət məsuliyyətinin ən parlaq nümunələrindən biridir.” TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxışında qeyd ediv ki, professorun həm elmi irsi, həm də həkimlik məktəbi bu gün də aktualdır və yeni nəsil mütəxəssislər üçün etibarlı istinad mənbəyidir: “Professor İbrahim Yıldırım plastik və rekonstruktiv cərrahiyyə sahəsində yüksək peşəkarlığı, elmi araşdırmaları və yetişdirdiyi tələbələri ilə böyük nüfuz qazanmış alimdir. Onun Azərbaycan üçün xidmətləri xüsusilə qeyd olunmalıdır. Çətin dövrlərdə ölkəmizdə fəaliyyət göstərərək çoxsaylı əməliyyatlar həyata keçirib, tibb ictimaiyyətinə dəstək verib və yüzlərlə insanın həyatına ümid olub”.

Tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademik Misir Mərdanov, Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə Akademiyasının baş həkimi Büngür Sönmez, Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri Sabir Əliyev, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Türkiyənin Kastamonu Universitetinin sabiq rektoru Seyit Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər, Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev, Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev və digər tanınmış şəxslər çıxış edərək İbrahim Yıldırımın Azərbaycan və Türkiyə tibb ictimaiyyəti üçün əhəmiyyətindən danışıblar.

Tədbirin ən təsirli məqamlarından biri professorun həyatından, fəaliyyətindən və ailə dəyərlərindən bəhs edən film olub.

Mərasimin sonunda professorun həyat yoldaşı Semra Fügen Orkun (Yıldırım) çıxış edərək onun insan kimi, elm adamı kimi daşıdığı dəyərləri və bu dəyərlərin yaşadılmasının əhəmiyyətini xüsusi vurğulayıb.
Anım tədbiri Professor İbrahim Yıldırımın elmi irsinə, həkimlik məktəbinə və insanlara göstərdiyi xidmətlərə dərin ehtiram nümunəsi olaraq başa çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ildə İbrahim Yıldırımı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edib.

Mission News Theme by Compete Themes.